İQTİSADİYYAT
Laçın böyük potensiala malik iqtisadi rayonlarımızdan biridir
![Laçın böyük potensiala malik iqtisadi rayonlarımızdan biridir](/files/2023/2/1200x630/169339688333437370_1200x630.jpg)
Bakı, 30 avqust, AZƏRTAC
Laçına qayıdış siyasi-diplomatik qələbəmizi möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti ilə ötən il avqustun 26-da Laçındakı ermənilərin tam çıxarılmasından sonra yeni situasiyalar formalaşdı. Bu ilin aprelin 23-də Laçın rayonunun girişində Azərbaycanın dövlət sərhəd-buraxılış postunun yaradılması ilə yeni tarixi mərhələ başlandı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Milli Məclisin deputatı qeyd edib ki, əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesi həlledici mərhələyə daxil olub, Azərbaycan Ordusunun Laçın dəhlizinə nəzarəti tam ələ almasından sonra təhlükəsizlik tədbirləri də tamamilə möhkəmlənməkdədir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında rayonda quruculuq işləri daha da genişlənib və bu bölgənin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmin edilməsi, zəngin resurslarının iqtisadiyyata inteqrasiyası və bölgənin əhalisinin layiqli və keyfiyyətli sosial həyat tərzinin yaradılması istiqamətində fasiləsiz addımlar atılmaqdadır.
Aydın Hüseynov əlavə edib ki, Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Laçının və ümumilikdə, Şərqi Zəngəzur bölgəsi böyük sənaye və aqrar potensiala malikdir. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı.
Deputat bildirib ki, Laçın zəngin təbii ehtiyatlara malikdir. Eyni zamanda, bölgədə dağ turizmi və ekoturizm potensialına görə, xüsusi əlverişli mövqeyə malikdir, eyni zamanda kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq, mineral ehtiyatlar üçün zəngin potensialı mövcuddur. Bu iqtisadi rayonun strateji coğrafi mövqeyi, digər bölgələrin qovşağında yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları bu bölgənin gələcəkdə Azərbaycanın ən iri sənaye və iqtisadi güc mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə xarici sərmayəçilərin axınına səbəb olacaq.