SİYASƏT
Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları həmişəki kimi, qətiyyətlidirlər
Şuşa, 26 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının 77-ci günündə də qətiyyət nümayiş etdirirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam edilmiş müxbiri xəbər verir ki, aksiyanın məramı dəyişməz olaraq qalır. Ekofəallar və könüllü gənclər Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları üzərində rus və ingilis dilində yazılmış plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!”, “Təbiəti qoruyun” kimi şüarlar səsləndirirlər.
Etirazçılar aksiyasının 77-ci günündə Xocalı faciəsi ilə bağlı da şüarlar səsləndirir, Azərbaycan, rus, ingilis dillərində Xocalı faciəsi ilə bağlı hazırlanmış plakatları qaldırırlar. Həmçinin aksiya ərazisində “Xocalıya Ədalət” kampaniyasının rəmzi olan badam ağacının çiçəyi formasında maket və Xocalı faciəsi ilə bağlı lövhələr yerləşdirilib.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.