Laçın-Xankəndi yolundakı aksiya beynəlxalq müqavilələrin tələblərinə uyğundur
Bakı, 21 dekabr, AZƏRTAC
Laçın-Xankəndi yolunda keçirilən aksiyalar 30 ilə yaxın bir dövr ərzində qanunsuz şəkildə talanan təbii sərvətlərimizlə bağlı hazırkı vəziyyətin öyrənilməsi və buna uyğun olaraq təxirəsalınmaz tədbirlərin görülməsinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.
Bu fikirləri Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov AZƏRTAC-a açıqlamasında deyib.
“Təbii ki, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və nəticədə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaq məqsədilə Laçın-Xankəndi yolunda davam edən aksiya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun şəkildə keçirilir. Belə ki, Azərbaycan Respublikası 1998-ci il Avropa İqtisadi Komissiyasının Ətraf mühit məsələlərində informasiya əldə etmək, qərarların qəbulunda ictimai iştirak və ədalət mühakiməsinə çatımlılıq haqqında Konvensiyanı (Orxus Konvensiyası) ratifikasiya etmiş ölkələrdən biridir. Vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin və ətraf mühitin mühafizəsinə mühüm önəm verən ictimai fəalların təşkil etdikləri dinc aksiyalar isə tamamilə həmin Konvensiyaya uyğundur”, - deyə Müqalib Mahmudov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan birgə Bəyanatla münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunduğu tarixədək və ondan sonrakı dövrlərdə ölkəmizə qarşı törətdiyi ekoloji cinayətlərə, ətraf mühitə dəymiş ziyana görə beynəlxalq hüququn normalarına və milli qanunvericiliyə uyğun olaraq Ermənistana qarşı müvafiq məsuliyyət tədbirləri tətbiq edilməlidir.