Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü ərazisində dezinfeksiyaedici tədbirlər intensivləşdirilib
Ağcabədi, 24 mart, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızın hər yerində olduğu kimi laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində də dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Məcburi köçkünlərin koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə müvafiq qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın yayılma təhlükəsini nəzərə alaraq Laçın rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ərazidəki ümumi istifadə yerlərində, həmçinin məktəbəqədər və ümumi təhsil müəssisələri, kitabxana və klublarında, ictimai binalarda kütləvi dezinfeksiya işləri aparılır. Bu tədbirlər məcburi köçkünlərin məskunlaşdıqları obalarda da davam etdirilir. Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Laçın Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə müvafiq göstərişlər verilib.
Profilaktiki tədbirlərin davamı olaraq martın 24-də Taxtakörpü ərazisindəki küçələr xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiyaedici məhlullarla yuyulub. Dezinfeksiyaedici tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur. Həmçinin əhali arasında geniş maariflənmə işləri aparılır, sakinlərə şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi izah edilir.