Latın Amerikasındakı icmamız Ermənistanın mina terroru ilə bağlı dərin narahatlığını ifadə edib
Bakı, 18 iyul, AZƏRTAC
Latın Amerikası ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan icmasının adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda soydaşlarımızın Ermənistan tərəfindən mütəmadi olaraq beynəlxalq hüquq normalarını kobudcasına pozmasından dərin narahatlıq ifadə edilib. Buna bariz nümunə kimi Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkarın bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət alması faktı göstərilib. Bu insident Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsi kimi qiymətləndirilib.
Qeyd edilib ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olaraq qalmaqdadır. Bu təhlükə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır.
Ermənistanın mina problemi ilə bağlı yolverilməz davranışını beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi adlandıran Latın Amerikası azərbaycanlıları beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıblar.
Eyni zamanda, Azərbaycanın texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin olunmasının zəruriliyi bir daha vurğulanıb.