Latviya Müstəqillik Gününü bayram edir
Riqa, 4 may, AZƏRTAC
Bu gün Latviya dövlət bayramını - Latviya Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamənin elan edilməsi gününü bayram edir. Latviya SSR-in Ali Soveti 1990-cı ilin həmin günü Latviya Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə qəbul edib və müstəqillik tam bərpa edilənə qədər keçid dövrü təyin edib. Qeyd edək ki, Latviya ilk dəfə müstəqilliyini 1918-ci ildə qazanıb. Noyabrın 18-də Riqada “Müstəqillik aktı” elan edilib. Həmin sənədə görə, Latviya müstəqil dövlət olub, amma onun müstəqilliyi uzun sürməyib.
1980-ci illərin sonunda Baltik ölkələrində suverenliyə qovuşmaq səyləri getdikcə güclənməyə başlayıb. 1990-cı il mayın 4-də Latviya SSR-in yeni seçilmiş Ali Soveti ölkənin müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə qəbul edib.
Bayram tədbirləri Dom kilsəsində bütün xristian kilsələrini birləşməyə çağıran dua mərasimi ilə başlayıb. Mayın 5-də səhər saat 11-də “Azadlıq” abidəsi qarşısında nəfəsli çalğı alətləri orkestrlərinin müsabiqəsi və konsert olacaq, habelə “Gül-çiçəkli Latviya” kompozisiyası yaradılacaq.
Latviya Prezidenti Andris Berzinş ölkənin müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibətilə hərbi paradda bildirib ki, bu, təkcə Latviyanın müstəqilliyi üçün əlamətdar ildönümü deyil, həm də Avropa və bütün dünya üçün həyəcanlı bir dövrdür. Latviyanın NATO-ya qəbul edilməsi tarixi baxımdan düzgün və həlledici addım olub. Alyansa üzv olduğumuz 11 ildə sübut etdik ki, Latviya etibarlı tərəfdaşdır və bizə cəsarətlə etibar etmək olar. Latviyanın NATO-ya üzvlüyü ölkənin təhlükəsizliyinin təminatıdır. Bütövlükdə alyans öz torpağında, Avropada və bütün dünyada sülhü müdafiə etməyə qadir qüvvədir”.
Latviyanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyinə həsr edilmiş təntənəli tədbirlərdə Azərbaycanın bu ölkədəki səfiri Elman Zeynalov iştirak edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa