DÜNYA
Latviyanın yeni seçilmiş Prezidenti vəzifəsinin icrasına başlayıb
![Latviyanın yeni seçilmiş Prezidenti vəzifəsinin icrasına başlayıb](/files/2023/2/1200x630/16888061212933351047_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Latviyanın yeni seçilmiş Prezidenti Edqars Rinkeviçs dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, Edqars Rinkeviçs bu gün Latviya Seyminin (parlament) növbədənkənar sessiyasında ölkəyə sədaqət andı içib.
“And içirəm ki, mənim bütün işim Latviya xalqının rifahına həsr olunacaq. Latviya konstitusiyasına və ölkə qanunlarına riayət edəcək və hörmət göstərəcəyəm. Hamıya ədalətli yanaşacaq və öz vəzifəmi vicdanla yerinə yetirəcəyəm”, - andiçmənin mətnində belə deyilir.
Dosye: 49 yaşlı Edqars Rinkeviçs Latviya Universitetinin tarix və fəlsəfə fakültəsini, ABŞ Milli Müdafiə Universitetinin Milli Resurslar Strategiyası Kollecini bitirib. Bir neçə illik jurnalist fəaliyyətindən sonra dövlət qulluğuna qəbul olub. 1995-ci ildən Latviya Xarici İşlər Nazirliyində çalışıb, sonradan prezident dəftərxanasına rəhbərlik edib. 2011-ci ildə xarici işlər naziri təyin olunub. Rusiya əleyhinə mövqeyi ilə tanınır.