Leninqradın blokadadan azad olunmasının 80 illiyi münasibətilə Bakıdakı Rus Evində konsert-təqdimat keçirilib
Bakı, 18 yanvar, AZƏRTAC
Leninqradın blokadadan azad olunmasının 80 illiyinin qeyd olunması ərəfəsində Bakıdakı Rus evində konsert-təqdimat keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) müəllim və məzunları - BMA-nın baş müəllimi Alyona İnyakina, Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, BMA-nın baş müəllimi, beynəlxalq müsabiqələr laureatı Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Xor Kapellasının artisti Fərhad Ələkbərov, BMA-nın məzunu Aminat Əhmədova iştirak ediblər.
Qeyd edək ki, 1941-ci ilin sentyabrında Leninqrad alman-faşist qoşunları tərəfindən mühasirəyə alınıb. Blokada 872 gün davam edib. 1943-cü ilin yanvarında 67-ci sovet ordusu və Volxov cəbhəsinin 2-ci zərbə ordusu qərbdən və cənubdan hücum əməliyyatına keçib. Yanvarın 18-də Leninqrad və Volxov cəbhələri birləşib. Ladoqa gölü sahili boyunca keçən dəhliz Leninqradın SSRİ-nin digər əraziləri ilə əlaqəsini bərpa edib. Bununla da mühasirəyə son qoyulub.