Lənkəranda rayon ziyalıları ilə görüş keçirilib
Lənkəran, 5 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəranlı ziyalılar rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir martın 5-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ziyalıları ilə keçirilən görüşdə səsləndirilib.
Görüşdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş verən müsbət dəyişikliklərdən söhbət açaraq, əldə olunmuş uğurları diqqətə çatdırıb.
Ölkənin hər yerində olduğu kimi, Lənkəranda da tikinti-abadlıq və quruculuq işlərinin genişləndiyini vurğulayan T.Qaraşov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə rayonda irihəcmli yol layihələrinin icra olunduğunu, çoxmənzilli yaşayış binalarında əsaslı təmir-bərpa işlərinin aparıldığını vurğulayıb.
İcra hakimiyyətinin başçısı rayonda yeni məktəb binalarının, səhiyyə müəssisələrinin, mədəniyyət və turizm obyektlərinin tikilib istifadəyə verilməsini ölkə vətəndaşlarının təhsilinə, sağlamlığına, həyat şəraitinin yaxşılaşmasına göstərilən diqqətin nümunəsi kimi dəyərləndirərək hər bir ziyalını rayonun ictimai-siyasi həyatında fəal mövqe tutmağa, cəmiyyətin inkişafında bilik, bacarıq və səmərəli fəaliyyəti ilə yaxından iştirak etməyə çağırıb.
Sonra çıxış edən rayon ziyalılarının nümayəndələri son illər Lənkəranda aparılan abadlıq-quruculuq işlərindən razılıqla danışaraq, bir sıra məsələlərlə bağlı təkliflərini bildiriblər.
Görüşdə səsləndirilən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb.