Leytenant Mobil Əhmədzadə Füzuliyə gedəcəyi günü səbirsizliklə gözləyir
Bakı, 22 iyun, AZƏRTAC
Leytenant Mobil Əhmədzadə əslən Füzuli rayonundandır. O, Vətən müharibəsinin ilk günlərindən - sentyabrın 28-dən döyüş səngərlərində vuruşub. Müharibə amansızdır və bir an sonra səni nə gözlədiyini heç kəs bilmir. Mobilin də döyüş yolu çox ağır və məşəqqətli olub. Erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə öz üzərinə düşən işi layiqincə yerinə yetirən Mobil Xankəndinə gedən yolda yaralanıb və əsir düşüb.
Hərbçi AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Doğma Füzulinin kəndlərinin düşmənlərdən azad olunması uğrunda döyüşlərdə iştirak etmişəm. Ağır yaralanmışam, bütün bədənim qəlpə ilə dolu olub. Məni əsir götürüblər. Gözümü beş gün sonra İrəvanda əsirlərin arasında açmışam. Ayağım amputasiya olunub. 35 günlük əsirlik həyatından sonra dekabrın 11-də Azərbaycana qaytarılmışam”.
Bir həftədir Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müalicə olunan Mobil yaxın günlərdə baş leytenant rütbəsi daşıyacağını dedi. O, müalicələrin gedişindən və dövlət tərəfindən təmin oldunduğu yeni nəsil aşağı ətraf protezinin keyfiyyətindən də razılıq etdi: “Yavaş-yavaş protezə alışıram. Heç quşa da tək qanadlı olmağı arzu eləmirəm. Son günlər protez vasitəsilə ikinci ayağımın funksiyalarının xeyli bir hissəsi bərpa olunub. Buna görə çox minnətdaram. Şübhəsiz ki, ən böyük arzularımdan biri ata ocağım Füzuliyə getmək, Köndələnin, Quruçayın pıçıltısına qulaq asmaq, Məngələnatanın zirvəsinə qalxıb ətrafı seyr etməkdir. Ata ocağıma qovuşmaqda pay sahibi olduğuma görə qürur hissi keçirirəm”.