“Literaturnaya qazeta”nın “Hipertekst” ədəbi mükafatının finalçıları məlum olub
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Qıvrımsaçın hoqqaları” (rus. «Проделки Кудрявчика») kitabı Rusiyanın ən nüfuzlu ədəbi mükafatlarından biri olan, “Literaturnaya qazeta”nın təsis etdiyi Aleksandr Çakovski adına “Hipertekst” mükafatının final mərhələsinə yüksəlib. Kitabın tərcüməçisi AMEA-nın “Elm” nəşriyyatının redaksiya şöbəsinin müdiri Gülarə Abdullayevadır.
AZƏRTAC xəbər verir ki, müsabiqə təşkilatçılarının verdiyi məlumata görə, ilkin seçim mərhələsində ekspert komissiyasına Rusiyanın federal dairələrindən və dünyanın 20-dən çox ölkəsindən 3000-dən artıq müraciət daxil olub.
Komissiyanın qiymətləndirilməsinə görə, mükafatın müxtəlif nominasiyaları üzrə, ümumilikdə 113 əsər yarımfinala, onların arasından 57 əsər isə finala keçib. Qalib əsərlərin adları may ayında elan olunacaq.
Qeyd edək ki, “Hipertekst” mükafatına müsabiqə “Literaturnaya qazeta” tərəfindən Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə keçirilir. Mükafatın Münsiflər Heyətinin və Təşkilat Komitəsinin sədri, “Literaturnaya qazeta”nın baş redaktoru, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Maksim Zamşevdir. Müsabiqənin mükafat fondu 5 milyon rubldur.