“Logitrans Turkiye 2025” sərgisində Azərbaycanın tranzit potensialı təqdim olunur
Bakı, 21 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkəti “ADY Express” MMC İstanbulda keçirilən “Logitrans Turkiye 2025” beynəlxalq nəqliyyat və logistika sərgisində stendlə təmsil olunur.
ADY-dən AZƏRTAC-a bildirilib ki, stenddə regional tranzit marşrutları, logistika həlləri və əməkdaşlıq imkanları barədə təqdimatlar, görüşlər və müzakirələr keçirilir.
Beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə yeni layihələrin icrası və yük axınlarının artırılması istiqamətində fikir mübadiləsi aparılır.
Sərgi çərçivəsində, həmçinin ziyarətçilərə Azərbaycanın tranzit potensialı, ölkənin nəqliyyat şəbəkəsinin Orta Dəhlizlə Çindən yükdaşımaları üçün təqdim etdiyi üstünlüklər barədə geniş məlumat verilir.
Sərginin təşkilatçıları tərəfindən səmərəli fəaliyyətinə görə ADY nümayəndə heyətinə “Dəyərli tərəfdaş” nominasiyası üzrə mükafat təqdim olunub.
“Logitrans Turkiye” sərgisi regionun aparıcı logistika platformalarından biri hesab olunur. İyirmi minə yaxın insanın ziyarət etdiyi builki sərgidə 20 ölkədən 230-dək şirkət təmsil olunur, iştirakçılar və ziyarətçilərə texnoloji həllərin nümayişi və beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar təqdim edilir.