Londonda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
London, 13 dekabr, AZƏRTAC
Londonda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbiri Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov çıxış edərək bildirib ki, Heydər Əliyev irsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub, qədirbilən xalqımız Ümummilli Liderin xətrini əbədi olaraq əziz və uca tutacaq. Məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan sabitlik diyarına çevrilib, Prezident İlham Əliyevin sayəsində torpaqlarını işğaldan azad edib.
Daha sonra səfir Elin Süleymanov Ulu Öndərin şərəfli ömür yolundan bəhs edərək, onun ölkəmizin tərəqqisi üçün misilsiz xidmətlərini gələcək nəsillərin heç vaxt yaddan çıxartmayacağını bildirib. Bütün həyatını Azərbaycan xalqının rifahına, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına həsr edən dahi şəxsiyyət Azərbaycanın regional gücə çevrilməsi üçün siyasi-strateji kursun təməlini qoyub. Hazırda Prezident İlham Əliyev bu mühüm və şərəfli missiyanı uğurla irəli aparır, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır.
Tədbirin sonunda S.Məmmədov və səfirliyin kollektivi Ümummilli Liderin büstü önünə gül dəstələri qoyub.
AZƏRTAC-ın xüsusi müxbiri
London