LSE əməkdaşı: Münaqişə zonalarında dağıntıların idarə olunması yenidənqurma prosesində ciddi humanitar çağırışdır
Bakı, 22 may, AZƏRTAC
Münaqişə zonalarında yaranan genişmiqyaslı dağıntılar və onların idarə olunması şəhərlərin bərpası prosesində ciddi humanitar, texniki və etik problemlər yaradır.
AZƏRTAC xəbər verir ki, bunu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) Coğrafiya və Ətraf Mühit üzrə elmi əməkdaşı Deen Sharp Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yenidənqurma kontekstində mənzil hüquqları – humanitar yardım və bərpa arasında körpü” adlı sessiyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dağıntıların təmizlənməsi prosesi ciddi məhdudiyyətlərlə üzləşir və mövcud şərtlər bu prosesin həyata keçirilməsini daha da çətinləşdirir.
“Hətta məhdud logistik imkanlar şəraitində belə dağıntıların idarə olunması uzunmüddətli prosesə çevrilir. Yalnız dağıntıların təmizlənməsi belə onilliklər tələb edə bilər və bu, yenidənqurma fəaliyyətlərinin həyata keçirilməsini ciddi şəkildə ləngidir. Dağıntılar arasında insan qalıqları ola bilər ki, bu da humanitar və etik baxımdan ciddi məsələdir. Dağıntıların miqyasını əks etdirən görüntülərin çoxluğu zamanla cəmiyyətlərdə müəyyən həssaslığın azalmasına səbəb ola bilər ki, bu da humanitar böhranın dərk olunmasını çətinləşdirir. Hazırda bir çox münaqişə zonaları üçün real və işlək hərtərəfli yenidənqurma planlarından danışmaq çətindir, çünki dağıntıların idarə olunması, siyasi iradə və texniki imkanlar ciddi məhdudiyyətlərlə üz-üzədir”, - deyə Deen Sharp əlavə edib.
LSE nümayəndəsi qeyd edib ki, yenidənqurma prosesləri xətti xarakter daşımır və müxtəlif ölkə təcrübələri bu reallığın bariz nümunəsidir.
Müxbir-Vüqar Qurbanoğlu