M1 magistralının 16-30-cu kilometrlik hissəsində təmir-bərpa işləri davam edir
Bakı, 22 iyun, AZƏRTAC
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan (M1 magistralı) 14 kilometrlik hissəsində təmir-bərpa işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda yenidənqurma işləri sözügedən yolun 22-23-cü kilometrlik hissəsində aparılır.
Təmir-tikinti işlərinin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.