Macarıstanda aşpazlar evlərində restoranlara alternativ təqdim edirlər
Budapeşt, 8 iyul, AZƏRTAC
Son illərdə Mərkəzi Avropa ölkələrində şəxsi evlərdəki restoranlar getdikcə populyarlaşır. Həvəskar entuziastlar tərəfindən başlanılan hərəkat indi restoranın açılması üçün kapitalı olmayanlar üçün sərfəli investisiya hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu tendensiya Macarıstanda xüsusilə sürətlə inkişaf edir. Yerli təşəbbüskar aşpazlar evlərində restoranlara alternativ təqdim edirlər. Bu həm hobbi, həm də biznesdir; ev mətbəxində müştərilər onlar üçün yemək bişirən aşpazla təkbətək qastronomiyadan zövq ala bilərlər.
Kiçik qruplar üçün rahat evlər var, burada məqsəd həqiqətən də eksperiment aparmaq və yeni yeməkləri dadmaqdan ibarətdir. Lakin daha zərif zövqlər və təəssüratlar axtaranlar zərif interyer və Mişlen ulduzlu yeməkləri birləşdirən öz mətbəxlərini də tapacaqlar. Ev restoranları yalnız müəyyən günlərdə işləyir.
Bu hərəkatın populyarlıq qazanmasının səbəbi nədir? “Evində restoran aç” tendensiyasına BBC telekanalında nümayiş olunan Ceymi Oliverin proqramı təsir göstərib, çünki o, evlərində axşamları birgə yemək bişirərək vaxt keçirən dostlar qruplarını birləşdirib. Bu dörd-beş saatlıq yığıncaqlar hamı üçün elə xoş təcrübə olub ki, bəziləri bu cür mühitlə obyektlərin açılmasında biznes üçün fürsət gördülər.
Ev yeməklərinin hazırlanmasında yeni tendensiya ev şəraitində hazırlanmış yeməklərlə klassik yeməkxanaya qarşı bir növ üsyandır. Daimi personal kiçikdir, əsasən sahiblərin özləridir, lakin açılış günlərində hərdən mövsümi yeməklərin verilməsində yardım edən işçilər iştirak edə bilər. İçkilərin seçimi də reklam olunan nahar üçün planlaşdırıla bilər. Bəzi restoranlar menyuda hər bir yemək üçün geniş regional şərab seçimini təklif edirlər.
Əksər restoranlarda əsas qiymət aşağıdır. Lakin altı yeməkdən ibarət xüsusi menyu sifariş edərək qonaqlar daha yüksək səviyyəli kulinariya ləzzətindən zövq ala bilərlər. Bu cür yeməklər üçün maddələr yerli istehsalçılardan təmin edilir və yemək üçün kiçik şərab zavodlarından geniş çeşidli şərablar təklif olunur. Söhbət yaxşı inqrediyentlərdən, aşpaz təcrübəsini tanımaqdan, qastronomiya dünyası ilə tanış olmaqdan və hər şeydən əvvəl yeməyin həqiqətən ləzzətli dadından gedir.
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt