Mali Keçid Şurasının Vitse-prezidenti: İƏT-in institusional imkanları artırılmalıdır
Bakı, 24 iyun, AZƏRTAC
Dövrümüz silahlı münaqişələr, terrorizm, yoxsulluq, humanitar böhranlar, xarici müdaxilələr və bir sıra dövlətlərin suverenliyinin sual altına alınması kimi çoxsaylı çağırışlarla xarakterizə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında Mali Keçid Şurasının Vitse-prezidenti Ag Mohamedoun Mohamed Ousmane deyib.
O qeyd edib ki, üzv dövlətlərin təhlükəsizliyinin və suverenliyinin qorunması, onların qanuni strateji maraqlarının müdafiəsi, eləcə də İslam həmrəyliyinin möhkəmləndirilməsi Təşkilatın fundamental prioritetləri olmalıdır. Bu mühüm vəzifələr siyasi konyunktura və ya qısamüddətli iqtisadi maraqlara görə arxa plana keçirilməməlidir.
“İslam dünyasının üzləşdiyi artan çağırışlar fonunda məsləhətləşmə, erkən xəbərdarlıq, münaqişələrin qarşısının alınması və effektiv həmrəylik mexanizmlərinin daha da gücləndirilməsi zəruridir. Bu istiqamətdə İƏT-in institusional imkanlarının artırılması və çevik, prinsipial fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir”,- deyə Ag Mohamedoun Mohamed Ousmane bildirib.