Masallıda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir
Masallı, 21 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı tədbirlər həyata keçirilir.
Masallı şəhərindəki idarə və müəssisələrin inzibati binaları, kənd və qəsəbələrdəki məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektlərində, ərazilərdəki konteyner meydançalarında, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılır.
Aparılan işlərin yüksək səviyyədə təşkili məqsədilə rayon icra hakimiyyəti tərəfindən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə, kənd icra nümayəndələrinə, bələdiyyələrə göstərişlər verilib, görülən işlər barədə operativ və mütəmadi olaraq məlumatlar verilir.
İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları fərdi evlərin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işlərini davam etdirirlər.
Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, Masallıda da görülən bütün işlər müvafiq kimyəvi preparatlarla həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
Rayon sakinlərinə dezinfeksiya tədbirləri ilə yanaşı, hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də izah edilir.