Masallıda turizm sərgisi təşkil edilmişdir
Masallı, 23 may (AZƏRTAC). Masallı rayonu relyefinə və təbiətinə görə respublikanın ən səfalı və füsunkar guşələrindən biridir. Bir tərəfi Talış dağları və meşələri, digər tərəfi isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Bütün bunlar Masallıda turizmin inkişafı üçün gözəl zəmin yaradır.
Yüz illər bundan əvvəl ətraf və uzaq yerlərdən gələn insanlar Masallının yerin altından çıxan qaynar suyundan müalicə məqsədi ilə istifadə etmişlər.
Turizm zonası yaradılması üçün əlverişli təbii şəraitə malik rayon beynəlxalq standartlara cavab verən turist xidməti göstəricilərinə, yerli və xarici qonaqları qəbul etmək imkanlarına malikdir.
Rayonda 28 turizm obyekti fəaliyyət göstərir. Onlardan 26 obyektin lisenziyası vardır. Bu obyektlər eyni zamanda 1100-ə yaxın turisti qəbul etmək imkanına malikdir. İstirahət mərkəzlərində mövcud 1040 nömrədən 70 nömrə lüks dərəcəli, 660 nömrə birinci dərəcəli, 310 nömrə isə turist dərəcəli nömrələrdir. İstirahətə gəlmiş turistlərə 3 marşrut üzrə turlar təklif olunur. Turistlər üçün rayonun görməli yerlərinə, tarixi abidələrinə, ziyarətgahlara, muzeylərə səyahətlər təşkil olunur.
2011-ci ildə rayona 16 min 642 nəfər turist gəlmişdi. Onlardan 500 nəfəri xarici turistlər olmuşdur.
AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə mayın 23-də rayondakı “Cənnət bağı” istirahət mərkəzində təşkil edilmiş turizm sərgisində söhbət açılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə, o cümlədən Masallı rayonunda turizmin inkişafı və bu sahədə çalışan sahibkarlara göstərilən dövlət qayğısından danışmışdır.
Yerli sahibkarlardan İldırım Allahyarov, Hakimə Əzimova sərginin təşkilini yüksək qiymətləndirmiş, fəaliyyətləri üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov tədbirdə çıxış etmişdir.
Sərgidə rayonun turizm obyektləri xidmətlərini və bölgə mətbəxinin ən ləziz təamlarını, el sənətkarları əl işlərini, müxtəlif eksponatları nümayiş etdirmişlər.
Tədbirdə rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri, “Halay” folklor ansamblı rəngarəng mahnı və rəqs nömrələri ilə çıxış etmişlər.