Masallının bazarlarında koronavirusla bağlı tibbi-profilaktik tədbirlər görülür
Masallı, 24 mart, Bağır Əliyev, AZƏRTAC
Koronavirus infeksiyası ilə əlaqədar Masallı rayonunun bütün idarə, müəssisə və təşkilatlarında tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Dezinfeksiya Stansiyasının əməkdaşları təkcə istehsal sahələrində deyil, rayonun bütün ərazisində dezinfeksiya işlərini uğurla davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 23-də Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları şəhərin Heydər Əliyev prospekti boyunca və Qarabağ küçəsində, həmçinin şəhərdə yerləşən 2 bazar istiqamətində tibbi-profilaktik tədbirlər və dezinfeksiya işləri görüblər.
Müxtəlif yoluxucu xəstəlik törədənlərin məhvinə və xarici mühit obyektlərində toksinlərin dağıdılmasına yönələn bu işdə təkcə bakteriya və viruslarla mübarizə deyil, həm də infeksiya daşıyıcıları və gəmiricilərin məhvi də nəzərdə tutulub.
Masallı Dezinfeksiya Stansiyası və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə əhali arasında maarifləndirmə işləri aparırlar.