Masazırda şəhidlərin xatirəsinə inşa olunan bulaq istifadəyə verilib
Masazır, 18 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun Masazır kəndində Vətən müharibəsində şəhid olan Dövlətov Zaur Zahir oğlunun və Hüseynov Elxan Maarif oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.
AZƏRTAC xəbər verir ki, bulaq kompleksi şəhid ailələrinin, kənd camaatının və rayon icra hakimiyyəti rəhbərliyinin iştirakı ilə istifadəyə verilib. Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər. Şəhidlərimizin ruhuna dualar oxunub.
Kompleksini açılışından sonra şəhid ailələri ilə görüşən rayon rəhbərliyi onların qayğıları və problemləri ilə maraqlanıb. Azərbaycan igidlərinin öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Ordusunun, hərbçilərimizin döyüş əzmi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində Vətənimiz öz bütövlüyünə qovuşub.
Şəhid ailələri Prezident İlham Əliyevə təşəkkürlərini bildirərək, onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.