Mayda havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaqdır
Bakı, 30 aprel (AZƏRTAC). Mayda havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə normadan 1-2 dərəcə aşağı, ölkə üzrə yağıntının səviyyəsi bütövlükdə normaya yaxın olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 16-18 dərəcə (gecə 8-13, gündüz 16-21, gündüz 16-21 dərəcə isti, bəzi yerlərdə temperatur 27 dərəcəyədək yüksələcəkdir) təşkil edəcəkdir ki, bu da iqlim normasından 1 dərəcə aşağıdır. Yağıntının səviyyəsi norma həddində (18-21 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur iqlim normasından 2 dərəcə aşağı, 14-16 dərəcə isti (gecə 7-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti, bəzi günlərdə 30 dərəcəyədək yüksələcəkdir), yağıntının səviyyəsi norma həddində (33-62 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperatur iqlim normasından 1 dərəcə aşağı, 9-11 dərəcə isti (gecə 5-9 dərəcə isti, gündüz 10-15 dərəcə isti, bəzi günlərdə isə 24 dərəcəyədək artacaq), yağıntının miqdarı normaya uyğun (62-122 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam -Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur normadan 1 dərəcə aşağı, 16-18 dərəcə isti (gecə 7-12 dərəcə, gündüz 16-21 dərəcə isti, bəzi günlərdə 28 dərəcəyədək artacaqdır), yağıntının səviyyəsi normaya yaxın (43-68 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperatur 15-17 dərəcə isti (gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti, bəzi günlərdə 27 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (26-166 mm) olacaqdır.
Mərkəzi-Aran rayonlarında orta aylıq temperatur 16-19 dərəcə (gecə 9-14 dərəcə, gündüz 17-22 dərəcə isti, bəzən günlərdə 30 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (26-62 mm), ayrı-ayrı yerlərdə normadan yuxarı olacaqdır.
Masallı-Lənkəran-Astara zonasında orta aylıq temperatur 15-17 dərəcə ( gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə isti, bəzi günlərdə 28 dərəcəyə yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (41-72 mm) olacaqdır.