Mayın 1-də doğulub mayın 1-də şəhid olan igid döyüşçünün xatirəsi anılıb
Bakı, 2 may, AZƏRTAC
Sahil qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının və “Qarabağ qaziləri” İctimai Birliyi Qaradağ filialının təşkilatçılığı şəhid Məhərrəm Seyidovun adını daşıyan parkda anım tədbiri keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Qarabağ müharibəsi qaziləri, rayon sakinləri, gənclər, məktəblilər, şəhidin ailə üzvləri və yaxın qohumları iştirak ediblər.
Qərbi Azərbaycan İcmasının məsul işçisi Əbdüləli Həsənov və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək şəhid Məhərrəm Seyidovun Tərtər rayonunun erməni quldur birləşmələrindən qorunması uğrunda göstərdiyi fədakarlıqdan, qəhrəmanlıq dolu həyatı barədə danışıb, onun döyüş yolunun gənclər üçün örnək olduğunu qeyd ediblər. Mayın 1-də Qərbi Azərbaycanda - Amasiya rayonunda doğulan cəsur döyüşçü 1994-cü il mayın 1-də Tərtərdə şəhidlik zirvəsinə yüksəlib.
Göstərdiyi igidlik nümunəsinə görə o, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Qeyd edilib ki, 20 ildən çoxdur ki, Qaradağ rayonunun Sahil qəsəbəsində parka və küçəyə Məhərrəm Seyidovun adı verilərək büstü qoyulub və hər il onun xatirəsi hörmət və ehtiramla yad edilir.
Tədbirdə şəhidin ailə üzvlərindən şəhidin qardaşı Etibar Seyidov və döyüş yoldaşları çıxış ediblər.
Məktəblilərin ifasında şəhidlərə həsr olunmuş qəhrəmanlıq mövzusunda şerlər səsləndirilib.