CƏMİYYƏT
MDB məkanında vərəmin profilaktikası və müalicəsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub
MDB ölkələrində bu sahədə vəziyyət stabildir
Bakı, 7 iyul, AZƏRTAC
MDB iştirakçı dövlətlərinin QİÇS, vərəm və vəba problemləri üzrə Koordinasiya Şurasının nəzdində işçi qrupunun onlayn rejimdə iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsi mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda çıxış edən ekspertlər Birlik ölkələrində vərəm üzrə epidemik vəziyyətin stabil olduğunu qeyd ediblər. Bir sıra ölkələrdə vərəmə yoluxma və bu xəstəlikdən ölüm hallarının səviyyəsi yüksək olsa da, təqdim olunan göstəricilərdə azalma müşahidə olunur. Lakin xəstəliyin dərmanlara dayanıqlı formalarının artması xüsusi narahatlıq yaradır. Mütəxəssislər belə qənaətə gəliblər ki, vərəmin profilaktikası, aşkar edilməsi və müalicəsi üzrə birgə səyləri artırmaq zəruridir.
İşçi qrupunun üzvləri vərəm əleyhinə milli xidmətlərin təşkilinə yanaşma, tibb müəssisələrinin müasir rentgen və laboratoriya avadanlıqları ilə təchizi, pasiyentlərin vərəmə qarşı dərmanlarla təmini və onlara sosial dəstək məsələlərini müzakirə ediblər. Həmçinin qeyd edilib ki, yeni koronavirus infeksiyası pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılmasından sonra Birlik ölkələri arasında miqrasiya axını güclənib ki, bu da, şübhəsiz ki, bir sıra infeksion xəstəliklər, o cümlədən vərəm və QİÇS üzrə epidemik situasiyanın dəyişməsinə ciddi təsir göstərib. Bununla əlaqədar, miqrantların vərəmin erkən aşkar edilməsi, diaqnostikası, profilaktikası və müalicəsi tədbirlərinə cəlb edilməsi bütün MDB ölkələri üçün aktual olaraq qalır.
Qeyd edək ki, vərəmə yoluxma və bu xəstəlikdən ölüm halları indiyədək bütün dünyada mühüm tibbi-sosial problemlərdən sayılır və 2030-cu ilədək Dayanıqlı İnkişaf Hədəflərinə nail olmaq üzrə vəzifələrdən biridir.
ÜST-nin verdiyi məlumata görə, hər il vərəmdən iki milyona yaxın insan həyatını itirir. Bu xəstəliyin yayılması və ölümlərin artmasının hələ də davam etməsinin əsas səbəblərindən biri çoxlu dərmana dayanıqlı formaların mövcud olmasıdır.