MƏCBURİ KÖÇKÜNLƏRƏ VƏ AZTƏMİNATLI AİLƏLƏRƏ MİKROKREDİTLƏR VERİLİR
Norveç Mikrokredit Qeyri–Bank Kredit Təşkilatı idarə heyətinin sədri Bəhmən Əsgərov AZƏRTAC-ın müxbirinə demişdir ki, son 15 gün ərzində təkcə Ağsu, Kürdəmir və Şamaxı rayonlarını əhatə edən Ağsu filialının xətti ilə 107 ailə mikrokredit almışdır. 200-300 dollar həcmində, getdikcə azalan 3 faizlə, vətəndaşın biznesinə uyğun olaraq, 4 aydan 16 ayadək müddətə verilən vəsait hər bir ailənin vəziyyətini yaxşılaşdırmaq, kiçik biznesini və təsərrüfatını inkişaf etdirmək məqsədi daşıyır. Sonradan hər vətəndaş artan xətlə 7 milyon manatadək kredit ala bilər.
Qaytarılan aylıq faizlər təşkilatda toplanmır, filiallar vasitəsilə yenidən kredit kimi verilir. Bu da yüzlərlə aztəminatlı ailənin müraciətinin müsbət həllinə şərait yaradır.
Bu il həmin rayonlara, o cümlədən Ağsu filialına Norveç Xarici İşlər Nazirliyi tərəfindən ayrılacaq daha 60 min dollar həcmində mikrokreditlər veriləcəkdir.