Məhəbbət İmanov: Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı daha da möhkəmlənəcək
Tbilisi, 21 fevral, AZƏRTAC
Gürcüstan ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq əlaqələrinin tarixi kökləri var. Müasir dövrdə iki ölkə arasındakı dostluq, qonşuluq və müttəfiqlik münasibətlərinin əsası Azərbaycan xalqının Ümummilli Lideri, gürcü xalqının da yaxın dostu Heydər Əliyev tərəfindən qoyulub. Bu gün dövlət və hökumət başçılarımızın birgə səyləri nəticəsində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu münasibətlər daha da möhkəmlənəcək. Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu münasibətlərə heç bir qüvvə xələl gətirə bilməyəcək.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev illik siyasi Məktəbinin məzunu, Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov söyləyib.
İki ölkə arasında münasibətlərin inkişafında sadə xalqın roluna toxunan M.İmanov deyib ki, Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər iki ölkə arasında körpü rolunu oynayırlar.
O bildirib ki, Azərbaycan ilə Gürcüstanı həm də birgə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Supsa, Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri bağlayır. Bu layihələr, eyni zamanda, beynəlxalq arenada öz mühüm əhəmiyyətini sübut edib.
Məhəbbət İmanov qeyd edib ki, Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlı Prezident İlham Əliyevin daimi dəstəyi ilə tam əhatə olunub. Buna nümunə olaraq Gürcüstanda yaşayan azərbaycanlıların təhsil, elm, gürcü cəmiyyətinə inteqrasiyası, sosial rifahının yaxşılaşdırılması və s. göstərmək olar.
M.İmanov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma işlərinə də münasibət bildirib. O deyib ki, otuz il xalqımızın həsrətində olduğu tarixi Azərbaycan torpaqları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə cəmi 44 günə işğaldan azad edildi. Vətən müharibəsi dövründə Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlı Azərbaycan xalqına və rəşadətli ordumuza dəstək olub.
Müsahibimiz vurğulayıb ki, Gürcüstanda yaşayan soydaşlarımız müstəqil Azərbaycan tarixində ilk dəfə, bütöv və suveren Azərbaycan ərazisində növbədənkənar Prezident seçkiləri keçirilməsini də yüksək qiymətləndirib, bundan qürur hissi keçiriblər.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi