Meksika səfirliyi “Qadınlara Dəstək Xətti” broşürünün ispan dilində təqdimatını keçirib VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən ispan dilinə tərcümə olunmuş “Qadınlara Dəstək Xətti” broşürünün təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, səfir Viktoriya Romero çıxış edək məişət zorakılığının bütün dünyada aktual problem olduğunu deyib və bu istiqamətdə həm yerli, həm də beynəlxalq səviyyədə gücləndirilmiş əməkdaşlığa ehtiyac olduğunu diqqətə çatdırıb. “Biz qadınlara qarşı zorakılığa son qoymaq üçün daha güclü keçid yaratmaq məqsədilə buraya toplaşmışıq. Təəssüf ki, bu problem dünya miqyasında geniş yayılıb və yalnız birlikdə hərəkət etdiyimiz halda real nəticə əldə edə bilərik”, - deyə səfir vurğulayıb.
Diplomat qeyd edib ki, “Qadınlara Dəstək Xətti” layihəsi zorakılığa məruz qalan qadınlara təhlükəsiz şəkildə müraciət imkanı yaratmaqla yanaşı, onların psixoloji və hüquqi istiqamətdə ilkin yardımla təmin olunmasında əhəmiyyətli platforma rolunu oynayır. O bildirib ki, broşürün ispan dilinə tərcüməsi Azərbaycanda yaşayan ispan dilli icma üçün məlumatların əlçatanlığını artırmaq və müraciət imkanlarını genişləndirmək baxımından vacib addımdır.
Tədbirdə çıxışlar zamanı vurğulanıb ki, qadınlara qarşı zorakılığın qarşısının alınması, gender bərabərliyinin təşviqi və təhlükəsiz müraciət mexanizmlərinin gücləndirilməsi müasir cəmiyyətlərin prioritetlərindəndir.
Tədbir iştirakçıları qeyd ediblər ki, müxtəlif dillərdə maarifləndirici materialların hazırlanması həm beynəlxalq əməkdaşlığın, həm də insan hüquqlarının müdafiəsi sahəsində institusional dəstəyin təzahürüdür. Bu təşəbbüsün Meksika səfirliyinin Azərbaycanda qadınların müdafiəsinə yönəlmiş sosial-humanitar fəaliyyətinə mühüm töhfə verdiyi xüsusi diqqətə çatdırılıb.