Meksikanın iki ən nüfuzlu qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc edilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Meksikanın iki ən nüfuzlu nəşrində - “Excelsior” və “El Universal” qəzetlərində səfir İ.Muxtarovun “Azərbaycan: unudulmayan tarix”(“El Universal”) və “1990-cı ilin 20 Yanvarı - Azərbaycanda heç vaxt unudulmayacaq tarix” (“Excelsior”) sərlövhəli məqalələri dərc edilmişdir.
Məqalələrdə 20 Yanvar faciəsinin başvermə səbəbləri və sözügedən dövrdə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli zorakılıqlara göz yuman M.Qorbaçovun əmri ilə Sovet ordusunun Bakıya soxulmasından, Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi qeyri-insani cinayətlərdən və faciənin təfərrüatlarından bəhs olunur. Bununla əlaqədar, həmçinin nüfuzlu beynəlxalq insan hüquqları institutlarından biri olan “Human Rights Watch” təşkilatının faciəli hadisələrə dair ədalətli mövqeyinə də istinad edilmişdir.
Ölkəmizin azadlığı naminə həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi üçün xalqın müqəddəs ziyarətgahına çevrilmiş Şəhidlər xiyabanının bütün Azərbaycan vətəndaşları tərəfindən hər il ziyarət olunduğu qeyd edilərək bildirilmişdir ki, Qara Yanvar hadisələri Azərbaycan tarixində sadəcə faciə kimi yadda qalmamış, əksinə ölkəmizin suverenliyi və müstəqilliyi ideyaları uğrunda mübarizədə xalqımızın iradəsini və mübarizlik əzmini daha da möhkəmləndirmişdir.
20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar, səfirliyin press-relizi də yayılmışdır. Məlumat, eyni zamanda Meksikanın hökumət orqanlarının rəhbərləri, Senatın üzvləri, ayrı-ayrı ştatların qubernatorları və Meksikada akkreditə olunmuş səfirliklərə göndərilmişdir.
######
