Məktəb direktoru: Böyük qayıdış bütün məsələlərə kompleks yanaşma tələb edir
Bakı, 15 mart, AZƏRTAC
2020-ci il Azərbaycan tarixində 44 günlük Vətən müharibəsi ilə daha çox yadda qaldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etdi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bu Zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ordumuzun qüdrətini və xalqımızın birliyini dünyaya nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında 191 nömrəli tam orta məktəbin direktoru Mehriban Mustafayeva söyləyib. O bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra dünya erməni vəhşiliyinin, barbarlığının şahidi oldu. Otuz ilə yaxın erməni tapdağı altında qalan ərazilərimiz mənfur qonşularımız tərəfindən vəhşicəsinə dağıdılıb, meşələr yandırılıb, talan edilib, infrastruktur məhv edilib. Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara səfəri zamanı bu barədə ürəkağrısı ilə söz açaraq həmin torpaqlardan sanki bir vəhşi qəbilənin keçdiyini bildirdi: “Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”.
“Prezidentimiz işğaldan azad olunmuş torpaqlarımıza hər səfəri zamanı Qarabağla bağlı gələcək planlardan, bərpa işlərindən də söz açır. Ölkə rəhbərinin müəyyən etdiyi vəzifələrdən biri həmin yerlərin yenidən qurulması, Böyük Qayıdış proqramının həyata keçirilməsidir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlardan biri yolların çəkilməsi oldu. Dövlətimizin başçısı yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli Beynəlxalq Hava Limanının təməllərini qoyub. İstər bu hava limanı, istərsə də Laçında və Zəngilanda tikiləcək aeroportlar ölkəmiz üçün böyük əhəmiyyətə malik olacaq. Azad olunmuş ərazilərin su təchizatı işlərinə də başlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı. Düşmən tərəf şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarmışdı. Ötən ilin dekabr ayında Şuşada Kiçik Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən suyun verilməsi ilə şəhərin alternativ və dayanıqlı içməli su təchizatı təmin olunub.
Böyük qayıdışa aparan yolda qarşıda duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulmasıdır. Hələ noyabr ayından Füzuli rayonunda, Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində həyati vacib obyektlər, sərhəd zastavaları, habelə Şuşa şəhəri elektrik enerjisi ilə təmin edilib. Növbəti mərhələlərdə isə işğaldan azad olunmuş ərazilərdəki bütün şəhər və kəndlər yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi üçün iqtisadi layihələr həyata keçiriləcək, sosial infrastruktur yenilənəcək. Azərbaycan mədəniyyətinin paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşada artıq infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərə başlanılıb. Böyük qayıdış bütün məsələlərə kompleks yanaşma tələb edir. İnanırıq ki, yaxın zamanda Qarabağa həyat qayıdacaq. Bölgələrimiz əvvəlki şöhrətini bərpa edəcək, işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək”, - deyə məktəb direktoru fikrini yekunlaşdırıb.