Məktəblilər ölkəmizin turizm imkanları ilə bağlı maarifləndirilmişlər
Bakı, 3 may (AZƏRTAC). Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəbin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə mayın 3-də bu təhsil ocağında “Coğrafiya həftəsi” çərçivəsində “turizm günü” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin direktoru Gülşən Orucova, coğrafiya müəllimi Dilarə Zeynalova çıxış edərək təşəbbüslərinə dəstək olduğuna görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edilmişdir ki, tədbirin əsas məqsədi şagirdlərin Azərbaycanın turizm potensialı ilə bağlı maarifləndirilməsidir. Hər bir məktəbli xalqının tarixini, ölkəsinin coğrafiyasını mükəmməl bilməlidir. Uşaqların vətənpərvərlik hissləri yaşadığı yeri tanımaqdan başlayır.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov məktəblilərə “açıq dərs” keçmişdir.
Azərbaycanda turizmin inkişaf tarixindən bəhs edən nazirlik rəsmisi diqqətə çatdırmışdır ki, 2001-ci ildə ölkəmiz cəmi üç beynəlxalq turizm sərgisində təmsil olunduğu halda, bu il belə sərgilərin sayını 24-ə çatdırmışdır. Əgər 11 il əvvəl ölkəmizdə 50-dək mehmanxana fəaliyyət göstərirdisə, indi onların sayı 500-ü ötmüşdür. Ötən il Azərbaycana gələn 2 milyon 469 əcnəbinin 1 milyon 846 minini turistlər təşkil etmişdir.
Dünya Turizm Təşkilatı, ölkəmizdə turizmin təbliğatı yolları barədə də şagirdlərə ətraflı məlumat verən V.Şıxəmmədov bildirmişdir ki, artıq Bakı dünyada brend mehmanxanaları ilə tanınır. Qusardakı Şahdağ qış-yay turizm kompleksinin isə dünyada analoqu yoxdur.
Azərbaycanda turizmin ildən-ilə sürətlə inkişaf etdiyini söyləyən sektor müdiri şagirdlərin suallarını cavablandırmışdır. Tədbirdə, həmçinin ölkəmizin təbii gözəlliklərini əks etdirən videoslayd nümayiş etdirilmişdir.
Nazirlik tərəfindən turizmlə bağlı quraşdırılmış stendləri şagirdlər böyük maraqla qarşılamışlar.
Sonda məktəbin şagirdlərinə ölkəmizin turizm imkanlarını əks etdirən bukletlər, bröşürlər paylanılmışdır.