Məktəblilərarası fənn müsabiqələrinin yekun mərhələsində 147 məktəbli iştirak edib
Naxçıvan, 26 may, AZƏRTAC
Muxtar respublikada məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilib. Bu mərhələdə muxtar respublikadan 36-sı riyaziyyat, 15-i isə informatika fənni olmaqla, ümumilikdə, 51 şagird VI sinif üzrə, 27-si fizika, 31-i kimya, 38-i isə biologiya fənni olmaqla, ümumilikdə, 96 şagird isə VII sinif üzrə öz bilik və bacarığını nümayiş etdirib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasında müsabiqənin final mərhələsi Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunub. Saat 10:00-da start verilən müsabiqədə şagirdlərə biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə 50 sual təqdim olunub və test tapşırıqlarının cavablandırılması üçün 3 saat vaxt verilib.
Qeyd edək ki, respublika fənn müsabiqələrinin I mərhələsi də eyni fənlər üzrə keçirilib.