Məktəblilərimiz 36-cı Balkan Riyaziyyat Olimpiadasında beş medal qazanıblar
Bakı, 6 may, AZƏRTAC
Moldovanın paytaxtı Kişineu şəhərində məktəblilərin 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadada ölkəmizi təmsil edən məktəblilər növbəti uğur qazanıblar. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdləri Fərid İsmayılov, Murad Ağazadə, həmçinin Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev gümüş medala layiq görülüblər.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Abbas Məmmədov isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal əldə ediblər.
Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə komandamız 148 xal toplayıb və bu, olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə sayılır.