SİYASƏT
Məlahət İbrahimqızı: Avropa Parlamentinin qərəzli qətnaməsi bir daha bu qurumun ikiüzlü siyasətini göstərir
Bakı, 18 aprel, AZƏRTAC
Avropa Parlamentinin (AP) uydurma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə bir daha bu təşkilatın ikiüzlü siyasətinin göstəricisidir. Bu fakt, eyni zamanda, xristian təəssübkeşliyini ortaya qoyur. Belə bir şəraitdə Azərbaycan və Türkiyə cəmiyyətində bu təşkilatla normal əməkdaşlığa inam qalmayacaq. Çünki belə qərarlarla Avropa Parlamenti normal əməkdaşlıqda maraqlı olmadığını göstərir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Avropa Parlamentinin belə bir sənəd qəbul etməsi proseslərin vahid şəbəkə tərəfindən idarə olunduğunu göstərir. Əgər AP və digər Avropa qurumları ədalətlidirsə və insan haqlarının müdafiəçiləridirsə, 23 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını da tanımalıdır. Çünki Xocalı qətliamı müasir dövrümüzdə baş verib və real faktlarla sübut olunub. Amma bunun əvəzində 100 il öncə cərəyan edən prosesləri siyasiləşdirib onu gündəmə gətirmək və “erməni soyqırımı” gününün qeyd olunmasını, tanınmasını tövsiyə etmək AP-nin yalnız siyasi məqsədlərə xidmət etməsinin göstəricisidir. Türkiyə hökuməti dəfələrlə arxivlərin açılmasını və tarixçilərin bu məsələni araşdırıb qiymət verməsini təklif edib. Amma Ermənistan bu təklifdən qaçır. Elə bu fakt onu göstərir ki, tarixdə “erməni soyqırımı” deyilən bir şey olmayıb. Təəssüf ki, bütün bunları bilə-bilə Avropa Parlamenti belə bir sənəd qəbul edib.
M.İbrahimqızı deyib: “Hesab edirəm ki, bundan sonra da belə təşkilatlardan ciddi məsələlərlə bağlı obyektiv, ədalətli münasibət gözləmək mümkün deyil. Eyni zamanda, Avropa Parlamentindən də konstruktiv əməkdaşlıq gözləməyə dəyməz. Ona görə də düşünürəm ki, Milli Məclisin növbəti iclaslarının birində Avropa Parlamenti ilə əməkdaşlığa yenidən baxılması məsələsi müzakirə olunmalıdır.