CƏMİYYƏT
Məndən şəhid qoxusu gəlir…


Bakı, 25 sentyabr, AZƏRTAC
Şəhid olacağı Aqşinin ürəyinə dammışdı. Hələ həqiqi hərbi xidmətə başlamasının ilk günlərində “məndən şəhid qoxusu gəlir” deyirmiş. Hər şey ona müharibə başlamamışdan öncə agah olmuşdu…
Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi şəhidi Aqşin Novruzovun anası Elnarə Novruzova deyib.
E.Novruzova fikirlərinə belə davam edib: “Aqşin vətənpərvər, təmizqəlbli, dövlətinə sadiq olan övlad idi. Heç vaxt torpaqlarımızın işğalda qalmasını qəbul eləmirdi. Vətən müharibəsi başlamamışdan iki ay əvvəl həqiqi hərbi xidmətə yollanmışdı. Daşkəsəndə xidmət edirdi. Arada zarafatla deyirdi ki, “Aqşin Novruzovu gözləyirdilər o gəlsin, sonra döyüş başlasın, torpaqları geri qaytaraq. Mən torpaqlarımızı almağa gəlmişəm”.
Aqşin müharibənin ilk günlərindən döyüş meydanına atılıb və Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 1-də yaralanıb hospitala təxliyə olunsa da oktyabrın 12-də yenidən döyüş meydanına qayıdıb. Bir gün sonra isə Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatların birində şəhadətə yüksəlib. Biz onun yaralandığını, yenidən döyüş meydanlarına qayıtdığını sonradan bilmişik. Demirdi ki, narahat olarıq. Döyüş yoldaşları onun necə qorxmaz, cəsur biri olduğundan ağız dolusu danışırlar. O, müharibənin od-alovunu, qorxusunu, həyəcanını bizə yansıtmamağa çalışırdı. Məni də şəhid olacağı xəbərə hazırlayırdı. Həmişə deyirdi ki, “mənsiz darıxma, mənsizliyə öyrəş. Mən həmişə sənin yanında qalmayacağam”. Ağır da, çətin də olsa, Aqşinin yoxluğuna dözməyə çalışıram. Aqşinə qovuşana kimi ona layiq olmağa çalışacağam”.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Aqşin Novruzov “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
)