Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 300-ə çatıb - YENİLƏNİB - 4
Bakı, 9 sentyabr, AZƏRTAC
İlkin rəsmi məlumata görə, Mərakeşdə baş vermiş zəlzələdə 296 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
“Goud” portalının məlumatına görə, Əl-Hauz, Şişaya, Uarzazat əyalətlərində və Mərakeş şəhərində onlarla insan həlak olub. Zəlzələdən zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.
Mərakeşin turizm mərkəzi və mədəniyyət paytaxtı Mərakeş şəhərində, eləcə də ölkənin ən böyük üzgüçülük kurortu olan Aqadirdə yaşayış binalarının və müxtəlif tikililərin uçması qeydə alınıb.
Yeraltı təkanlar Krallığın bir sıra iri şəhərlərində, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Hazırda xilasetmə qüvvələri ərazidə işləyirlər.
Rəsmilər vətəndaşları sakit olmağa, panikaya düşməməyə çağırırlar.
05:45
Mərakeşdə baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində azı 93 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı yerli mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, onlardan 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində ölüb.
05:22
Mərakeşin “Kanal 1” telekanalı zəlzələnin bir çox şəhərdə dağıntılara səbəb olduğunu, "El-Yevm 24" xəbər saytı isə Mərakeş şəhərində bəzi binaların çökdüyünü bildirib.
“Əl-Ərəbiyyə”nin məlumatına görə, azı 5 nəfər ölüb. Onların cəsədləri ölkənin cənubundakı Demnat şəhərində dağıntılar altından tapılıb.
Səlahiyyətlilər ölənlərin sayını hələ təsdiqləməyib.
Almaniya Seysmoloji Mərkəzi zəlzələnin şiddətinin 7 bal olduğunu açıqlayıb.
04:40
Sosial mediada Mərakeşdə baş verən zəlzələnin videogörüntüləri yayılır. Görüntülərdə zəlzələnin təsirindən bəzi binaların dağıldığı və yaralıların olduğu, insanların küçələrə axışdığı görünür.
AZƏRTAC xəbər verir ki, Mərakeş Krallığının dördüncü böyük şəhəri olan Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə də hiss edilib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.
02:37
Cümə günü Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.