Mərakeşin media nümayəndələrinin ölkəmizə səfəri planlaşdırılır






Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi tərəfindən Mərakeşin bir sıra aparıcı media qurumlarının nümayəndələri ilə görüş keçirilib. Görüşə Mərakeşdə ərəb, fransız və ingilis dillərində yayımlanan və geniş oxucu kütləsinə malik “Le Matin”, “Le 360”, “Le 12.ma”, “Al Ahdath Al Maghribia”, “Morocco World News” kimi media qurumlarının rəhbər şəxsləri və nümayəndələri qatılıblar.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Mərakeş Krallığındakı səfiri Nazim Səmədov tərəfindən media təmsilçilərinə Azərbaycanın daxili və xarici siyasəti, bölgədə cari vəziyyət, ərazilərimizin erməni işğalından azad edilməsindən sonra sülh prosesi, bu ərazilərdə aparılan işlər, mina problemi, “Böyük Qayıdış” Proqramının icrası, Qərbi Azərbaycan İcmasının fəaliyyəti, ötən ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29, habelə Azərbaycan-Mərakeş münasibətlərinin hazırkı durumu və perspektivlərinə dair ətraflı məlumat verilib.
Mərakeş mətbuatının təmsilçiləri Azərbaycanın tarixi, mədəniyyəti, xarici əlaqələri, siyasi və iqtisadi münasibətləri, bölgədəki geosiyasi reallıqlarla bağlı obyektiv məlumat əldə etmək baxımından bu kimi görüşlərin vacib olduğunu qeyd ediblər.
Səfir media nümayəndələrinin suallarını cavablandırıb.
Görüş zamanı, həmçinin Mərakeşin media nümayəndələrinin cari il iyulun əvvəlində ölkəmizə nəzərdə tutulan səfərinə dair fikir mübadiləsi aparılıb, səfərin proqram layihəsi müzakirə olunub.