“MƏRİFƏT” QƏZETİ SEYİD RZA ƏLİZADƏ HAQQINDA MƏQALƏ ÇAP ETMİŞDİR
Məqalə bu sözlərlə başlanır: “Elm, mərifət və mənəviyyat yolunda canını fəda edən S.R.Əlizadə 1917-ci ildə Səmərqənddə yeni tipli məktəblər üçün özbək, tacik dillərində və Orta Asiyada yaşayan fars balalarından ötrü ilk “Əlifba” kitabını yazır. Bir az sonra tacik dilinin qrammatikasını, rusca-tacikcə ikicildlik lüğət nəşr etdirir”.
S.R.Əlizadə həmin illərdə “Şərq” və “Teleqraf xəbərləri” qəzetlərinin, 1919-cü ildən isə “Şöleyi inqilab” həftəlik jurnalının redaktoru olmuşdur. Bu jurnal Orta Asiyada yayılmaqla bərabər, Türkiyə, Azərbaycan, İran, Əfqanıstan, Pakistan, Hindistan və ərəb dövlətlərində də oxunurdu.
Məqalədə deyilir: “S.R.Əlizadə dinlə bağlı “Əsri səadət”, “Mədəniyyəti islam”, “Zəruriyyəti islam” əsərlərinin də müəllifidir.
1933-cü ildən isə o, Səmərqənd Dövlət Universitetində dərs deməyə başlayır. Akademik Vahid Abdullayev, şairlərdən Utkur Rəşid, Həmid Əlimcan onun tələbələri olmuşlar”.
Məqalə bu sözlərlə bitir: “1937-ci il repressiyası S.R.Əlizadədən də yan ötmür. O, əvvəlcə, Tobolsk, sonra isə Vladimir həbsxanasında “yatır”. 1954-cü ildə Vladimir həbsxanasında vəfat edir.
Görkəmli maarifçi alimin qəbri 1986-cı ildə Səmərqəndin Pəncab qəbiristanına köçürülmüşdür.
Səmərqənd şəhərində onun adını daşıyan küçə və məktəb vardır. Məktəbin qarşısında S.R.Əlizadənin bürünc büstü qoyulmuşdur”.