MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI CƏLİLABADDA ZONA SEMİNAR–MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Tədbirdə 66 saylı Biləsuvar, 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələri dairə seçki komissiyalarının və həmin dairələrin ərazisində yerləşən məntəqə seçki komissiyalarının üzvləri iştirak etmişlər.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri Ramiz İbrahimov və Tofiq Həsənov çıxış edərək bələdiyyələrə keçiriləcək təkrar, əlavə, yeni və ilk seçkilərlə bağlı MSK-nın təsdiq etdiyi tədbirlər planının vaxtında icrasını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışmış, seçici siyahılarının dürüstləşdirilməsi, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və onların vaxtında qeydə alınması, Seçki Məcəlləsinin 225-ci maddəsinə uyğun olaraq əhalinin sayı nəzərə alınmaqla seçki fondlarının formalaşdırılması, dairə və məntəqə seçki komissiyalarının maddi-texniki bazasını möhkəmləndirmək sahəsində həlli vacib olan məsələləri diqqətə çatdırmışlar.
Tədbirdə dairə və məntəqə seçki komissiyalarının sədrləri çıxış edərək oktyabrın 6-da yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı görülmüş işlərdən danışmış, mövcud problemləri ətraflı təhlil etmişlər.
Sonda Mərkəzi Seçki Komissiyasının üzvləri müşavirə iştirakçılarının suallarını cavablandırmışlar.