MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Müşavirəni Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açmışdır. MSK sədri Prezident Heydər Əliyevin dünyasını dəyişməsi ilə xalqımıza üz vermiş ağır itkini xatırlatmış və böyük öndərin Azərbaycanda demokratik dövlət quruculuğu sahəsində gördüyü nəhəng işlərdən söhbət açmışdır. O qeyd etmişdir ki, Heydər Əliyev ölkəmizdə demokratik seçki sisteminin inkişafında da müstəsna rol oynamışdır. Fikrini əyani misallarla qüvvətləndirən M.Pənahov bildirmişdir ki, seçkilər zamanı icra strukturlarının üzərinə çox böyük məsuliyyət düşür və məhz Heydər Əliyevin formalaşdırdığı bu qurumlar seçkilərin təşkilində əhəmiyyətli rol oynayırlar. Seçki Məcəlləsinin yüksək məziyyətlərindən və beynəlxalq standartlara cavab verməsindən söz açan Məzahir Pənahov bu sənədin qəbulunun da Heydər Əliyevin sayəsində mümkün olduğunu vurğulamışdır. Müşavirə iştirakçıları Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərkəzi Seçki Komissiyasının sədri müşavirənin həsr olunduğu mövzudan söhbət açaraq bildirmişdir ki, seçki komissiyaları seçki məsələlərini daim diqqətdə saxlamalıdırlar. Hər bir dövlətdə keçirilən seçkilərin səviyyəsi həmin ölkədə demokratiyanın göstəricisi sayılır. MSK sədri tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, seçkilərin təşkili ilə bağlı ən vacib tələblərdən biri vətəndaşların səsvermə hüququnun təmin olunmasıdır. Heç kimin səsvermə hüququ pozulmamalıdır. Buna görə də seçici siyahıları elə tərtib olunmalıdır ki, səsvermə hüququna malik olan bütün vətəndaşlar səsvermədə iştirak edə bilsinlər.
Seçki Məcəlləsinin seçici siyahıları ilə bağlı tələblərinə toxunan M.Pənahov bildirmişdir ki, hər il vahid seçici siyahıları dəqiqləşdirilməlidir. Seçki məntəqəsi üzrə hazırlanmış ilkin seçici siyahılarının birinci nüsxəsi müvafiq akt tərtib edilməklə məntəqə seçki komissiyasında saxlanılmalı, ikinci nüsxəsi isə hər il fevralın 5-dən gec olmayaraq dairə seçki komissiyasına verilməlidir. Seçki dairəsi üzrə ilkin seçici siyahıları isə martın 5-dən gec olmayaraq iki nüsxədə tərtib edilməli, dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanıb, seçki komissiyasının möhürü ilə təsdiq edilməli və aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Mərkəzi Seçki Komissiyası, öz növbəsində, dəqiqləşdirmə apardıqdan sonra seçici siyahıları mayın 25-dək dairə və məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməlidir.
Müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov və MSK nəzdində İnformasiya Mərkəzinin direktoru İqbal Babayev mövzu ilə bağlı məruzə etmişlər.
Tədbirin sonunda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti