Mette Frederiksen: Avropa 3-5 il ərzində özünü tam müdafiə etmək iqtidarında olmalıdır
Bakı, 19 mart, AZƏRTAC
Yaxın 3-5 il ərzində Avropanın müdafiə məsələlərində özünü tam təmin edə bilməsi son dərəcə vacib məsələdir.
AZƏRTAC xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen bu fikri “Politico” nəşrinə müsahibəsində səsləndirib.
“Mən Avropanın yenidən silahlanmasının tərəfdarıyam. İstəyirəm ki, 3-5 ildən sonra özümüzü müdafiə etməyə tam hazır olmaq kimi qarşımıza çox iddialı bir məqsəd qoyaq”, – deyə hökumət başçısı bildirib.
Mette Frederiksen, həmçinin etiraf edib ki, Avropa İttifaqı (Aİ) ölkələrində yenidən silahlanma prosesi kifayət qədər sürətlə getmir. Onun sözlərinə görə, Aİ hələ də “sülh dövrü düşüncəsi ilə yaşayır” və Brüssel bu istiqamətdə maliyyəni mümkün qədər tez artırmaq üçün maneələri aradan qaldırmalıdır.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Qrenlandiyanın ABŞ-a birləşdirilməsi barədə fikrinə də toxunan Mette Frederiksen vurğulayıb ki, Qrenlandiya Danimarkanın bir hissəsidir və beynəlxalq ictimaiyyət ölkənin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinə hörmətlə yanaşmalıdır.
Qeyd edək ki, bir müddət öncə, Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombard Parisdə keçirilən “Euronext” konfransında çıxış edərkən Avropanın ABŞ-dan asılılığı aradan qaldırmaq üçün öz müdafiə sənayesini maliyyələşdirməli olduğunu bildirib. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen isə öz növbəsində qeyd edib ki, Aİ 2030-cu ilədək güclü müdafiə mövqeyinə malik olmalı və Brüssel bunun üçün indidən fəaliyyətə başlamalıdır.