Milli İncəsənət Muzeyi beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyi İzmir Mədəniyyət və Turizm İdarəsi və Ege Universiteti ilə mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq protokolu imzalayıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, protokol mədəniyyət və incəsənət sahəsində mövcud əməkdaşlığı yüksək səviyyəyə qaldırmaq məqsədilə imzalanıb.
İzmir Mədəniyyət və Turizm İdarəsinin direktoru Murat Karacanta bu barədə danışaraq deyib: “Mədəniyyət və incəsənət sahəsindəki əməkdaşlıqlar ilə konkret hədəflərə çatmaq nəzərdə tutulur. Vilayətimizdə bu ikitərəfli əməkdaşlığın ilk konkret nəticələri türk kolleksiyalarının sərgisi üçün tədbirlər və xüsusi günlər təşkil etmək olacaq. Azərbaycan Milli İncəsənət Muzeyinin nümayəndələri ilə universitet müəllimlərinin qarşılıqlı mübadiləsi təşkil olunacaq”.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyinin nümayəndələri İzmirə səfəri çərçivəsində bu şəhərin tanınmış incəsənət və mədəniyyət xadimləri ilə görüşüb, muzeylərlə tanış olublar.