MİLLİ MƏCLİS “REKLAM HAQQINDA” QANUNA VƏ MÜLKİ MƏCƏLLƏYƏ YENİ DƏYİŞİKLİKLƏR ETDİ
Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlara edilən dəyişikliklər barədə məlumat verdi. O dedi ki, adı çəkilən qanunun tətbiqi ilə əlaqədar “Reklam haqqında” və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi təklif olunur. “Reklam haqqında” Qanunun 17-ci maddəsinə təklif olunan yeni 9-cu bənddə deyilir ki, süni qida məhsullarının qutuları üzərində körpələrin təsvir olunması, süni qida məhsulları ilə bağlı reklam xarakterli materialların tibb müəssisələrində yayılması, bu cür məhsulların reklamında süni qidaların ana südünə bərabər və ya ondan üstün olması təsəvvürünün yaradılmasına və ya ana südünün üstünlüyünün qeyd olunmamasına, hamilə qadınlar və analar arasında süni qida məhsulları ilə bağlı məlumatların yayılmasına qanunla yol verilmir.
İnzibati Xətalar Məcəlləsinə isə 65-1. maddəsi əlavə olunur. Bu maddə ilə süni qida məhsullarının satış sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil edilməsinə, uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə görə cərimə müəyyən edilir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan süni qida məhsullarının sərgisi və satışının təşkilinə görə fiziki şəxslər şərti maliyyə vahidinin 15 mislindən 20 mislinədək məbləğində vəzifəli şəxslər 40 mislindən 60 mislinədək, hüquqi şəxslər isə 200 mislindən 250 mislinədək məbləğində cərimə olunacaqlar.
Sonra iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov “Yanğından icbari sığorta haqqında” qanun layihəsini üçüncü oxunuş üçün müzakirəyə təqdim etmişdir.
Qanun layihələri geniş müzakirə olunduqdan sonra qəbul edilmişdir.