Milli Məclisdə Azərbaycanla Estoniya arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Estoniya Parlamentinin Estoniya-Azərbaycan parlament qrupunun sədri Sven Sesterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova qonaqları salamlayaraq onları parlamentdə görməkdən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasındakı münasibətlərdən danışaraq Estoniya parlamenti ilə daha sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
Estoniya parlamentinin Estoniya-Azərbaycan parlament qrupunun sədri Sven Sester yüksəksəviyyəli qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycanla münasibətləri, parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini bildirib.
Parlamentarilər bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından, Azərbaycanın regionun inkişafı naminə həyata keçirdiyi təşəbbüslərdən, Ermənistanın işğalından azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, o cümlədən ticarət dövriyyəsinin artırılması potensialından bəhs ediblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Quliyev qonaqlara Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarının nəticə verməməsi barədə məlumat verib. Sülh imkanlarının tükənməsindən sonra Azərbaycanın BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul edilmiş 4 məlum qətnaməsini öz gücünə yerinə yetirərək torpaqlarını Ermənistanın işğalından azad etdiyini vurğulayıb.
Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nizami Səfərov Ermənistanın beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı qarayaxma kampaniyalarından bəhs edib. O, qonaqlara Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü iftiralara dəlil-sübutlarla və beynəlxalq hüquq prizmasından aydınlıq gətirib.
Görüşdə Estoniya-Azərbaycan parlament qrupu sədrinin müavini Mixail Korb və Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin gələcəyinə dair fikirlərini bölüşüblər.