MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Parlamentin sədri qonağı səmimi salamlayaraq xatırlatdı ki, Azərbaycanla Rusiya arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Münasibətlərimizin bugünkü səviyyəyə çatmasında dövlət başçıları Heydər Əliyev və Vladimir Putinin xüsusi xidmətləri olmuşdur. Mehriban qonşuluq və strateji əməkdaşlıq siyasəti prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirilir.
MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun və Dövlət dumasının sədri Boris Qrızlovun salamlarını və Novruz bayramı münasibətilə təbriklərini çatdırdı. O bildirdi ki, bu ilin aprelində Assambleyanın iclası keçiriləcək, terrorizmə, narkobiznesə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaqdır. 2005-ci ildə Rusiya Dövlət dumasının yaranmasının, 2006-cı ildə isə fəaliyyətə başlamasının 100 illik yubileyləri keçiriləcəkdir. Bununla əlaqədar vaxtilə Dumada təmsil olunan azərbaycanlı deputatların şəkillərindən ibarət lövhə hazırlanır.
Cənab M.Krotov daha sonra dedi ki, Böyük Vətən müharibəsində Leninqradın blokadadan azad olunmasının 60-cı ildönümü ilə əlaqədar xatirə medalı təsis edilmişdir. Şəhərin alman faşistlərinin mühasirəsindən qurtarmasında qəhrəmanlıq göstərmiş azərbaycanlı döyüşcülər də bu mükafata layiq görülmüşlər. Onun Bakıya səfərindən məqsəd də medalları həmin veteran döyüşçülərə təqdim etməkdir.
Sonra Murtuz Ələsgərov və Mixail Krotov Leninqradın müdafiəçiləri İsmayıl İbrahimova, Məmməd Piriyevə və Rəşid Əsgərova medalları təqdim etdilər.
Veteranlar onlara göstərilən bu diqqətə görə minnətdarlıqlarını bildirdilər.