MİLLİ MƏCLİSİN NÖVBƏTİ İCLASI OLMUŞDUR
Sonra Milli Məclisin ötən iclasında müzakirəsi yarımçıq qalmış “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunların qüvvədən düşmüş hesab edilməsi barədə məsələ ilə əlaqədar deputatların rəy, irad və təkliflərinə münasibət bildirildi, bəzi suallara aydınlıq gətirildi. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun bu məsələ ilə bağlı fikir və mülahizələri dinlənildikdən sonra həmin məsələ səsə qoyularaq qəbul edildi.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında gündəlikdəki məsələyə də Ziyafət Əsgərov aydınlıq gətirdi. Həmin məsələ də yekdilliklə qəbul olundu.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov müzakirəyə çıxarılmış “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın təsdiq edilməsi barədə məsələ ilə bağlı deputatlara məlumat verdi. Milli Məclis Konvensiyanın təsdiq edilməsi barədə qərar qəbul etdi.
“Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Konvensiyanın təsdiq edilməsi barədə məsələni də Milli Məclisə Əli Hüseynov təqdim etdi. Deputatlar həmin Konvensiyanı da təsdiq etdilər.
Milli Məclisin fasiləsiz davam edən iclasının sonunda “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda geniş müzakirə edildi və qızğın mübahisələrə səbəb oldu.
Deputatlar qanun layihəsinin əhəmiyyətini yüksək dəyərləndirərək bildirdilər ki, bu mühüm sənəd müasir dövrün ən böyük problemi olan korrupsiyaya qarşı mübarizənin hüquqi təminatını yaradır. Onlar problemin yaranma səbəbləri, mahiyyəti, bu bəlanın nəticələrini aradan qaldırmaq yolları barədə təkliflərini söylədilər, qanun layihəsinin ayrı-ayrı fəsillərinə iradlarını bildirdilər. Həmin məsələ ilə bağlı müzakirələrdə 16 deputat çıxış etdi. Onlar bildirdilər ki, Azərbaycanda korrupsiyaya qarşı ən kəskin və barışmaz mübarizə ötən əsrin 70-ci illərində, ümummilli liderimiz, Prezident Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə başlanmışdır. Möhtərəm Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra da bu mübarizə əvvəlki kimi davam etdirilmişdir.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov qanun layihəsinin müddəalarına deputatların söylədikləri iradlara, təklif və rəylərə öz münasibətini bildirdi.
Deputatların bəzi təklifləri nəzərə alınmaqla qanun layihəsi ikinci oxunuşda qəbul olundu.
Sonra parlamentin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov Milli Məclisin Dünya Azərbaycanlılarına müraciətini oxudu. (Müraciət qəzetlərdə dərc olunur). Müraciət yekdilliklə qəbul edildi.
Bununla da Milli Məclisin növbəti iclası öz işini başa çatdırdı.