Milli Məclisin nümayəndə heyəti ölkəmizin Özbəkistandakı səfirliyində Ulu Öndərin abidəsini ziyarət edib
Daşkənd, 2 noyabr, AZƏRTAC
Özbəkistanda keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak edən Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti ulu öndər Heydər Əliyevin ölkəmizin Özbəkistandakı səfirliyindəki abidəsi önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, sonra nümayəndələr Ulu Öndərin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə çiçək dəstələri düzüblər.
Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müasir Azərbaycanın və türk dünyasının inkişafı üçün böyük xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycan üçün taleyüklü bir məqamda hakimiyyətə gəlib. Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı. 1993-cü ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elm və mədəni həyatında dirçəliş baş verib, beynəlxalq əlaqələrinin qurulması, müstəqil hüquqi dövlətin yaradılması prosesi başlanıb.
Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarını işğaldan azad edib, şəhər və kəndlərimizdə quruculuq işlərinə başlanıb.
Nümayəndə heyətinə Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Aydın Mirzəzadə və Ağalar Vəliyev daxildir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd