MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROV RUSİYA DÖVLƏT DUMASININ BİRİNCİ İCLASINDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın xəbər verdiyi kimi, Dövlət Dumasının birinci iclasına Milli Məclisin sədri Murtuz Ələsgərov da fəxri qonaq kimi dəvət olunmuşdur.
Boris Qrızlov sədr seçildikdən sonra iki ölkənin parlament rəhbərlərinin görüşü keçirilmişdir.
Murtuz Ələsgərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, görüşdə o, Milli Məclisin adından və öz adından B.Qrızlovu Rusiya parlamentinin sədri vəzifəsinə seçilməsi münasibətilə, habelə dekabrın 7-də Dövlət Dumasına seçkilərdə inamlı qələbə münasibətilə təbrik etmişdir. Azərbaycan ali qanunverici orqanının rəhbəri demişdir ki, o həmkarını ölkəmizə rəsmi səfərə dəvət etmişdir.
B.Qrızlov yeni seçilmiş Dövlət Dumasının ilk iclasında iştirakına görə M.Ələsgərova təşəkkürünü bildirmiş və Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya 2004-cü ilin fevralına nəzərdə tutulan ilk rəsmi səfərindən sonra Bakıya gəlmək dəvətini qəbul etmişdir.
Tərəflər parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi sahəsində əməkdaşlığı davam etdirmək niyyətini də açıqlamış, dövlətlərimizin qarşılıqlı münasibətlərinin bütün səviyyələrdə yüksək olduğunu vurğulamışlar.
Dekabrın 29-da Milli Məclisin sədri Murtuz Ələsgərov vətənə qayıtmışdır.