MİLLİ MƏCLİSİN ÜZVLƏRİ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞLƏR
Tədbirdə çıxış edən Milli Məclisin sədri Murtuz Ələsgərov demişdir: “İki gündən sonra xalqımızın əziz bayramı olan ulu Novruz torpağımıza qədəm qoyacaqdır. Bildiyiniz kimi, bu, xalqımızın ən qədim bayramlarından biridir. Ümummilli liderimiz Heydər Əliyev həmişə deyirdi ki, adət-ənənələrimizi qorumaq, onu inkişaf etdirmək lazımdır. Bu gün Heydər Əliyev cismən aramızda yoxdur. Lakin onun əməlləri, ideyaları yaşayır. Bu gün Prezident İlham Əliyev dahi şəxsiyyət Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirir.
Biz inanırıq ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tezliklə qüdrətli bir məmləkətə çevriləcək, torpaqlarımız düşmən tapdağından azad olunacaq, Azərbaycan xalqı daha xoşbəxt, daha firəvan həyata qovuşacaqdır.
Bu gün biz - parlamentin rəhbərliyi, deputatlar buraya sizin
bayramınızı təbrik etməyə gəlmişik. Mən sizin bayramınızı Milli Məclisin bütün deputatları adından səmimi qəlbdən təbrik edir və arzu edirəm ki, tezliklə öz doğma yurd-yuvalarınıza qayıdasınız”.
Sonra Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva və deputatlar Asya Manafova, Fəttah Heydərov, Səttar Mehbalıyev çıxış edərək qarşıdan gələn Novruz bayramı münasibətilə toplantı iştirakçılarını təbrik etdilər.
Cəbrayıl rayonundan məcburi köçkün Fikrət Hacıyev həmyerliləri adından Milli Məclisin rəhbərliyinə və deputatlara minnətdarlığını bildirdi.
Tədbirdən sonra Salyan Rayon İcra Hakimiyyətində də məcburi köçkünlərlə görüş keçirildi. Rayon icra hakimiyyətinin başçısı Yusif Ələkbərov göstərilən qayğıya görə Milli Məclisin rəhbərliyinə və üzvlərinə təşəkkür etdi. Milli Məclisin sədri Murtuz Ələsgərov, sədr müavinləri Ziyafət Əsgərov, Gövhər Baxşəliyeva, deputatlar Eldar İbrahimov, Hadi Rəcəbli, Şahlar Əsgərov, Əli Hüseynov, Novruz Quliyev, Səttar Mehbalıyev və Salyan rayonundan seçilmiş deputat Rifət Ağalarov öz çıxışlarında ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından tezliklə azad olunacağına inamlarını ifadə etdilər.
Görüşdən sonra rayonda məskunlaşmış 358 məcburi köçkün və imkansız ailəyə bayram sovqatı paylandı.