Milli Qəhrəman Ramiz Qəmbərovun xatirəsi yad olunub
Bakı, 1 may, AZƏRTAC
Şuşa Rayon İcra Hakimiyyətində Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun xatirəsinə həsr olunan tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Hərb Tarixi Muzeyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu yad edilib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin və əməkdaşların Ramiz Qəmbərovun qəhrəmanlığına dair çıxışları dinlənilib. Qeyd edilib ki, milli qəhrəmanımız Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular və Göytala kəndlərinin müdafiəsində, Daşaltıda, Şuşakənddə, Xankəndidə və s. əməliyyatlarda erməni quldur dəstələrinin darmadağın edilməsində şücaət göstərib.
R.Qəmbərovun döyüş yoldaşları da onun haqqında xatirələrini bölüşüblər.
Sonda Azərbaycanın Milli Qəhrəmanına həsr olunan film və “Xatirə” kompozisiyası təqdim edilib.