Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş: Azərbaycanın əbədi müstəqillik tarixi

Milli Qurtuluş: Azərbaycanın əbədi müstəqillik tarixi

Ulu öndər Heydər Əliyev düşünülmüş və gələcəyə hesablanmış siyasəti ilə müstəqil Azərbaycanın bugünkü reallıqlarının təməlini qoydu

Bakı, 12 iyun, AZƏRTAC

Yazıya müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Anam məni Azərbaycan üçün dünyaya gətirmişdir” fikirləri ilə başlayıb bu dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə körpü salmaq istərdik. Bu fakt inkaredilməzdir ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Vətəninə, xalqına bağlılıq nümunəsidir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin fikirlərinə istinad edək: “Tarixçilər və politoloqlar bəzən belə bir sual verirlər: niyə 1993-cü ildə hakimiyyətə məhz Heydər Əliyev qayıtdı? Axı o zaman ilk baxışda hər şey onun əleyhinə idi. O, hadisələrin episentrində, daha doğrusu, Bakıda deyil, öz doğma Naxçıvanında idi. Onun gələcək siyasi dayağı - Yeni Azərbaycan Partiyası hələlik ilk addımlarını atırdı. Partiya liderinin kütlə arasında böyük populyarlığına baxmayaraq, YAP Heydər Əliyevin paytaxta gəlişinə qədər özünü real siyasi qüvvə kimi göstərə bilmirdi. Məsələ burasındadır ki, Heydər Əliyevin heç kimlə müqayisə olunmayacaq dərəcədə böyük siyasi mübarizə təcrübəsi vardı”. Dövlətimizin başçısı, eyni zamanda, həmin dövrün xarakteristikasını da verir: “İki ildən də artıq bir müddət ərzində ölkəni konkret hakimiyyət deyil, xaos idarə etmişdi. Azərbaycanda sovet sistemindən demokratik sistemə asan keçid baş tutmamışdı. Adamlar hərc-mərclikdən, vəziyyətin qeyri-müəyyənliyindən cana doymuşdular. Təbii ki, cəmiyyətdə güclü, bacarıqlı liderə, “dəmir əl”ə ehtiyac yaranmışdı. Bu rol hamıdan çox Heydər Əliyevin boyuna biçilmişdi. O, Ə.Vəzirovdan, A.Mütəllibovdan və Ə.Elçibəydən özünün güclü və qətiyyətli xarakteri ilə, yüksək vətəndaşlıq məsuliyyəti hissi ilə, bütün ehtiyatları, öz iradəsinin qeyri-adi qüvvəsini bir yumruğa yığmaq bacarığı ilə seçilirdi”.

XX əsrin sonu doğrudan da Azərbaycan dövlətinin, xalqının həyatında taleyüklü bir dövr idi. Tarixin bu mərhələsində baş verən hadisələr ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. Həm o dövrün çətinliklərini, vətəndaş qarşıdurmasını, həm də bütün dövrlərdə ölkəmizə diqqət və marağın artmasına səbəb olan coğrafi mövqeyimizi nəzərə alsaq, belə ölkənin lideri olmağın nə qədər böyük məsuliyyət, ən əsası siyasi bacarıq və təcrübə tələb etdiyini təsəvvür etmək çətin deyildi.

Məhz ulu öndər Heydər Əliyev bu çətinliyi öz üzərinə götürdü. Siyasi bacarığından və təcrübəsindən istifadə edərək, xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı üzləşdiyi faciələrdən, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. İstər çağdaş Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında ulu öndər Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, əsl vətəndaş kimi özünəməxsus yer tutub. Xalqı ilə birlikdə olduğunu bəyan edən ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya gəlişi, qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər onun üzərindəki Vətən, xalq sevgisinin aydın ifadəsi idi. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qısa xronologiya bir daha Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə sevgisinin, eyni zamanda, dahi şəxsiyyətin yuxarıda qeyd etdiyimiz fikrinin təsdiqidir.

AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyəti Azərbaycanı öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdur

Danılmaz faktdır ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, səbatsızlığı üzündən Azərbaycanda baş verən siyasi böhranlar, daxili çəkişmələr, vəzifə davası ölkənin müstəqilliyini təhlükə qarşısında qoymuşdur. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr kimi xarakterizə olunur. 1991-1993-cü ilin iyununa qədər Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir. Bu dövr də özlüyündə iki mərhələyə bölünür. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamış, nizami ordu yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, ağır fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. İqtisadi böhran hökm sürür, sənaye iflic vəziyyətində idi. O vaxtkı hakimiyyətdəkilər ancaq öz şəxsi maraqlarını təmin etmək üçün çalışırdılar. O dövrdə korrupsiya, rüşvətxorluq da son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyur, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanları incidirdilər, onları təqib-təhqir edirdilər. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi, AXC-Müsavat qruplaşması öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verən hadisələr Azərbaycanın hərtərəfli məhv edilməsinə yönəldilmiş cinayət, bir qığılcım idi. Gəncə qiyamı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi. Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsini yaşadı. Azərbaycanın cənubunda və şimalında separatizm tüğyan edirdi. Sanki tarix təkrar olunurdu. XX əsrin əvvəllərində əldə etdiyimiz müstəqilliyi 23 aydan sonra obyektiv səbəblərdən itirdik. Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk iki ildə yaşananlar tarixin yenidən təkrarlanmasına yol açırdı. Əgər o vaxt ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi.

Milli Qurtuluş Günü: dövlətçilik tariximizin şanlı səhifəsi

İllər biri-birini əvəzlədikcə bu tarixi günün önəmi daha aydın dərk olunur. Müstəqilliyimizin ilk illərində biri-birindən mürəkkəb hadisələr burulğanında çabalayan və artıq sabaha inamı itmiş xalq vəziyyətdən çıxmaq üçün yollar axtarırdı. Əslində o dövr Azərbaycanda hakimiyyətsizlik illəri idi. Ölkə Prezidenti İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycan gəncləri o illərin çətinlikləri, həmçinin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yolu barədə aydın təsəvvürə, biliyə malik olmalıdırlar. Dövlətimizin başçısı çıxışlarında “Mən bu tarixə nəyə görə qayıdıram” sualı ətrafında fikirlərini belə açıqlayır ki, gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çatmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik.

15 İyun-Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir. Qurtuluşdan başlanan yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir. Tez-tez səsləndirilən bu “Qurtuluş bizə nə verdi” sualına cavab Azərbaycanın bugünkü reallıqlarıdır. 1993-2003-cü illər tariximizdə dirçəliş, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yer tutur. Dahi şəxsiyyət Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət nəticəsində müstəqil Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlu gələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələri reallığa çevrildi. Onlarla neft və qaz sazişləri, Anlaşma memorandumları imzalandı. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir.

Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Dahi şəxsiyyətin ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük dəyər verməsi də bu günümüzə hesablanmış inkişaf konsepsiyasının əsas tərkib hissələrindəndir. Məhz bu mühüm amilə söykənərək dövlətimizin başçısı İlham Əliyev bildirir ki, neftlə zəngin çox ölkələr var. Amma heç də onların hamısında bu resurslar inkişafa, tərəqqiyə xidmət etmir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alır. Amma Azərbaycanın öz neft strategiyasını, inkişaf konsepsiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirdi. Neft gəlirlərinin ədalət prinsipinə uyğun olaraq bölgüsünün həyata keçirilməsi ölkəmizdə uğurlu sosial siyasətə geniş imkanlar açdı. Ümummilli Lider, eyni zamanda, bildirirdi ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə etməklə yanaşı, həm də islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, insanlara sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, mülkiyyət formasını dəyişmək lazımdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildən başladığı islahatlar dahi rəhbərin hakimiyyətinin birinci dövründə gördüyü işlərin davamı idi. Məhz o dövrdə həyata keçirilən islahatlara əsaslanaraq bildirilirdi ki, yaradılmış iqtisadi potensial böyük sərvətimizdir. Bu sərvət Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir.

Göründüyü kimi, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl ölkələrindən birinə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla gerçəkləşdirməklə özünün şah əsəri kimi dəyərləndirilən Azərbaycanı yüksəklərə qaldırdı, dünya birliyinin fəal üzvünə çevirdi.

Demokratik dəyərlərə sadiqlik dövlət siyasətinin prioriteti kimi

Dahi şəxsiyyət Heydər Əliyev demokratiyanı strateji kursun əsası kimi dəyərləndirərək bildirirdi ki, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqlara malik olması, siyasi plüralizm, mətbuat azadlığı, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan Konstitusiyamızın ümumxalq səsverməsi yolu ilə qəbulu Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yoluna işıq saldı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Konstitusiyamızda bu maddə də öz əksini tapıb ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Məhz xalqına güvənən, onun dəstəyinə arxalanan ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bu günümüzün hədəflərinə yol açdı.

Demokratik cəmiyyətin əsas atributu kimi azad mətbuatın inkişafı dövlət siyasətinin əsasında dayandı. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə senzuranın ləğvi mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Jurnalist əməyini yüksək dəyərləndirən Ümummilli Lider mütəmadi olaraq onlarla görüşlər keçirir, qayğıları ilə maraqlanır, problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirirdi. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkirdi. Məhz bu diqqət və qayğının nəticəsi olaraq ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

Ümummilli Liderin siyasi partiyaların, ictimai birliklərin fəaliyyəti istiqamətində atdığı addımlar da diqqətçəkəndir. Dahi şəxsiyyət daim bu çağırışı edirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə- Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir.

Ölkəmizdə seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün imkanlar yaradıldı. 2003-cü ildə Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası, eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlıq nəticəsində Seçki Məcəlləsinin qəbulu prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun keçirilməsini təmin etdi.

Demokratik inkişafa yönələn bu addımların ümumi ifadəsi Azərbaycanın 2001-ci ildə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Ölkəmiz bu uğuru ilə bir daha demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olduğunu təsdiqlədi.

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sıralarında 730 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciəti, həmçinin dahi şəxsiyyətin bu müraciətə cavabı xalqın ümidinin yalnız ulu öndər Heydər Əliyevə olduğunu, Ulu Öndərin isə xalq, dövlət sevgisinin aydın mənzərəsini yaradır. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının çox keçmədən, 11 ay sonra iqtidar partiyası kimi fəaliyyət göstərməsi xalqın ulu öndər Heydər Əliyevə sevgisini, Yeni Azərbaycan Partiyasına inamını bir daha ortaya qoydu. Çox qısa zamanda milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası daim tutduğu yola sadiqliyi ilə nüfuzunu artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Partiya ilk gündən öz adını qələbələr partiyası kimi tarixə yazdı. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP davamlı uğurları ilə ulu öndər Heydər Əliyevin böyük inam və qətiyyətlə söylədiyi, bu gününə böyük inamını ortaya qoyduğu “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrini təsdiqləyir, bu yenilməz siyasi qüvvə gələcəyə daha böyük inamla addımlayır.

Azərbaycan dünyaya günəş kimi doğacaq

Ulu öndər Heydər Əliyevin aforizmə çevrilən bu fikri bu günümüzün reallıqlarında öz əksini tapıb. Dahi şəxsiyyət müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən Azərbaycanın özünü beynəlxalq aləmdə təsdiqləməsini mühüm amil kimi önə çəkirdi. Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar davamlılığı ilə diqqət çəkirdi. Azərbaycan informasiya blokadasında idi. 20 faiz torpaqları işğal altında, bir milyondan çox soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan olsa da, ermənilərin və erməni diasporunun yalan təbliğatı nəticəsində dünyaya ölkəmiz işğalçı, Ermənistan isə işğala məruz qalan tərəf kimi təqdim olunmuşdu. Məhz bu yalan, əsassız təbliğatın sayəsində ABŞ Konqresi ölkəmizə qarşı ədalətsiz “907-ci düzəliş”i tətbiq etmişdi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra fəaliyyətini əsasən Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılmasına yönəltdi. Ulu Öndərin xarici ölkələrə elə bir səfəri yox idi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olmasın, erməni yalanları faktlar əsasında ifşa edilməsin, Ulu Öndərin ilk səfərini Fransaya etməsi də səbəbsiz deyildi. Fransa erməni diasporunun ən güclü olduğu ölkələrdən biri olmaqla yanaşı, onların bu ölkədə cərəyan edən proseslərə təsir imkanlarının böyüklüyü inkaredilməz idi. Ümummilli Lider düşünülmüş addımları ilə dünyaya əsl həqiqətləri, ən əsası Dağlıq Qarabağ probleminin mahiyyətini çatdırdı.

Məlumdur ki, 2001-ci ildə ABŞ-da baş verən terror aktından sonra Birləşmiş Ştatlar hökumətinin xarici siyasətində dəyişikliklər baş verdi. Bir tərəfdən bu mühüm hadisə, digər tərəfdən ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində ABŞ hökuməti “907-ci düzəliş”in ədalətsizliyini təsdiqlədi, qərarın fəaliyyətini bir illik dondurdu. Artıq həmin ildən başlayaraq hər il bu qərarın dondurulması yenidən təsdiqlənir.

Bu faktı da qeyd edək ki, Azərbaycanın diplomatik uğurlarında diasporumuzun rolu da inkaredilməzdir. Ulu öndər Heydər Əliyev bir dövlətin xaricdəki varlığının təsdiqi kimi Azərbaycan diasporunun birliyini, həmrəyliyini vacib amil kimi önə çəkirdi. Məhz onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultaydan əvvəl Ümummilli Liderin çağırışına uyğun olaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Onların vahid mərkəzdən idarə olunmasına xidmət edən Dünya Azərbaycanlılarının I qurultayı soydaşlarımızın bir araya gəlməsinə geniş yol açdı. Artıq 2001-ci ildən başlayaraq hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi fonunda həmin ölkələrdə cərəyan edən proseslərə təsir imkanları artır.

Bir sözlə, ulu öndər Heydər Əliyevin dünyaya açılan “açıq qapı” siyasəti ölkəmizlə ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasını təmin etdi. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz kimi, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirdi.

Heydər Əliyev Fondu Ulu Öndərin irsinin fəal təbliğatçısıdır

2004-cü il mayın 10-da yaradılan Heydər Əliyev Fondu Ümummilli Liderin fəaliyyətinin, dövlətimiz, xalqımız qarşısında əvəzolunmaz xidmətlərinin fəal təbliğatçısıdır. Heydər Əliyev irsini təbliğ etməklə yanaşı, biri-birindən mühüm layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınan və nüfuz qazanan Fondun Azərbaycan reallıqlarının təbliğinə verdiyi davamlı töhfələr təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Fondun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki “Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı” mövzusunda çıxışında bildirmişdir ki, ölkəmizin hər bir vətəndaşı ömrünün böyük bir hissəsini, mənalı və yetkin çağlarını bu insanın rəhbərliyi altında yaşamışdır. Bu rəhbərlik təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu rəhbərlik vətənpərvərliyə, iradəyə, qüdrətə köklənmiş mərd ata və müdrik ağsaqqal qayğısı idi. Söhbət XX əsr Azərbaycan tarixinin baş qəhrəmanı, müasir müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu, unudulmaz Prezident Heydər Əliyevdən gedir. Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarixi yollarını özündə əks etdirir. Mehriban xanım Əliyeva, eyni zamanda, bu reallığı da böyük fəxr hissi ilə qeyd etmişdir ki, belə insanlar tarixin mürəkkəb anlarında böyük çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

Azərbaycanı dünyaya tanıdan Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinə, Heydər Əliyev irsinin təbliğinə davamlı töhfələri ilə diqqət çəkən Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse- prezidenti kimi təqdim edərkən Fondun uğurlu fəaliyyətini bir daha təhlil edərək bildirmişdir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. Bu təyinat münasibətilə mən onu təbrik edirəm və ona yeni uğurlar arzulayıram”.

Heydər Əliyev siyasətinin təntənəsi: 2003-cü ildən başlanan yol

2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 15 ildən artıq dövr ərzində Azərbaycanın imza atdığı uğurlar, eyni zamanda, ölkədə keçirilən prezident seçkilərində İlham Əliyevin qələbəsi Heydər Əliyev siyasətinin təntənəsidir. Hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı uğurlu islahatları ilə davam etdirən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini önə çəkərək iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Azərbaycanın enerji sektorunda əldə olunan uğurlar bu məqsədə yüksək səviyyədə nail olmağa əsas verir. “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın, “Star” neft emalı zavodunun, eyni zamanda, əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən, regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi artan mövqeyinə bir daha işıq saldı. Məhz iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, Azərbaycan 2008-ci ildə dünyanı bürüyən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranından az itki ilə çıxdı. Enerji amilindən asılılığı minimuma endirmək üçün qeyri-neft sektorunun inkişafının vacibliyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət proqramlarını təsdiqlədi və icrası istiqamətində ciddi səylər göstərir. Hər bir Proqramda əksini tapan məsələlər icra müddəti ərzində həllini tapdığından yeni vəzifələrin müəyyənləşdirilməsinə yol açır. Artıq regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının uğurlu icrası başa çatıb, dördüncü sənədin icrasına başlanılıb. İqtisadi imkanlar genişləndikcə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlar da davamlılığı ilə diqqət çəkir. Hazırda ölkəmizdə işsizlik, yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə cari ilin arxada qalan aylarında əhalinin sosial müdafiəsinin güclənməsinə xidmət edən fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Azərbaycan beynəlxalq aləmdə ən islahatçı ölkə kimi tanınır. Müasirləşmə, yeniləşmə dövlət siyasətinin əsasında dayanır. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə də ölkəmizin inkişaf modeli təqdir olunur, onun öyrənilməsinin vacibliyi vurğulanır.

Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən ölkə olaraq tolerantlıq, multikultural dəyərlərin inkişafına böyük töhfələr verir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi də deyilənlərin təsdiqidir.

Xarici siyasətində ikitərəfli, çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verən Azərbaycanın bu sahədə uğurları da təqdirəlayiqdir. Dünyanın yeni xarici siyasətinin Azərbaycanda müzakirə olunması dövlətimizin uğurlu və düşünülmüş xarici siyasətinin nəticəsidir. Ən əsası Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatıdır.

Təbii ki, bu uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır. Ulu öndər Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisinə uyğun olaraq ordu quruculuğu istiqamətində atılan addımlar, həmçinin Azərbaycanın diplomatik mübarizədə qələbəsi bu inama əsas verir ki, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın hər sahədə təcrübəsi digər ölkələrə nümunədir. İqtisadi tərəqqi demokratikləşmə prosesinin sürətləndirilməsində stimulverici amildir. İnsan hüquqlarının qorunması və müdafiəsi sahəsində yeni mexanizmlərin müəyyənləşdirilməsi, müstəqil mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun təşkili, siyasi partiyaların, ictimai birliklərin fəaliyyəti üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və sair kimi biri-birindən mühüm addımlar Azərbaycanın demokratik inkişafının göstəriciləridir. Son 15 ildə iki dəfə Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi insan amilinə verilən dəyərin göstəricisidir. Bu əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, bir qismi isə idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Azad mətbuatın inkişafına, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönələn addımlar böyük rəğbətlə qarşılanır. Bu diqqətin nəticəsidir ki, dövlətimizin başçısı İlham Əliyev üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Ölkəmizdə son 15 ildən artıq dövrdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə diqqət yetirdikdə də böyük təkmilləşmənin, yeniləşmənin şahidi oluruq. Təkcə 2018-ci il prezident seçkilərinə diqqət yetirmək kifayətdir. Görülmüş işlər fonunda bu seçkilər bir tərəfdən xalqın Heydər Əliyev siyasətinə dəstəyinin nümayişi idisə, digər tərəfdən Azərbaycanın demokratik inkişaf yolunda uğurlarının davamlılığına işarə idi. Bu seçkilər, həmçinin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasına milyonların sevgisini, inamını ortaya qoydu. YAP bu seçkiləri də tarixinə uğur, qələbə səhifəsi kimi yazdı.

Hər zaman qeyd etdiyimiz kimi, Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, bir yazı çərçivəsində əhatə etmək mümkünsüzdür. Uğurlarımız gələcəyə nikbin baxmaq üçün əsas yaradır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu tövsiyəni edir ki, uğurlarımızla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.

28 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın nailiyyətləri Heydər Əliyev yolunun ölkəmizə bəxş etdiyi uğurlardır. Məhz bu uğurlara söykənərək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiqləndi, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimizi ortaya qoyduq. Keçilən yol bir daha bu ümumiləşdirməni aparmağa əsas verir ki, Milli Qurtuluş Günündən başlanan yol uğurla davam edir, gələcəyə daha böyük inamla baxmağa əsas yaradır.

Vüqar Rəhimzadə

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək